Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 18-ci iclası

563

İyunun 21-də Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin 18-ci iclası keçirilib. Bu, PARŞ-ın COVID-19-dan sonra keçirilən ilk canlı iclası idi. Regional Şuranın prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvilinin moderatorluğu ilə baş tutan bu tədbirə üzv  təşkilatlardan yetmişdən çox nümayəndə qatılmışdı.

İ.Petriaşvili iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi.

Sonra Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və PARŞ-ın Baş katibi Luka Visentini çıxış edərək Ukraynada və Belarusda həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat verdi.

Bildirdi ki, Belarusda həmkarlar ittifaqları hücumlara məruz qalır. Demokratik Həmkarlar İttifaqları Konqresinin liderləri həbs olunub və təşkilatın ləğvolunma təhlükəsi var.

PARŞ İcraiyyə Komitəsi həbsə salınmış həmkarlar ittifaqı liderlərinin dərhal azadlığa buraxılmasına çağırış edib. Birləşmiş Millətlər Təşkilatı və Avropa Həmkarlar İttifaqları Konfederasiyası Belarus hökumətinə qarşı görülən tədbirləri dəstəklədiyini bildirib. İclasda həmçinin Ukraynada  5 milyondan çox iş yerinin dağıdıldığı, 15 milyona yaxın işçinin zərər çəkdiyi və 6 milyondan çox vətəndaşın Avropa İttifaqına sığınmaq üçün ölkəni tərk etdiyi faktları pislənib. Rusiyanın təcavüzünün işçi əhali və həmkarlar ittifaqları üçün yaratdığı təhlükə müzakirə edilib.

Çıxışlarda Ukrayna həmkarlar ittifaqlarına, qaçqınlara və onlara yardım edən ölkələrin həmkarlar ittifaqlarına fövqəladə həmrəylik dəstəyi ifadə olundu.  Qeyd olundu ki, müharibə həm də yaşayış və enerji xərclərini artırır. Bu xərclərin ağırlığı isə işçi ailələrinin üzərinə düşür.

İcraiyyə Komitəsi Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsi təklifini alqışladı; lakin Gürcüstana bu statusun verilməməsini təəssüf hissi ilə qeyd etdi. Xatırladıldı ki, Avropa layihəsinə qoşulmağın yolu işçilərin hüquqlarına hörmətdən və sosial dialoqdan keçir. Həmçinin Balkan ölkələrinin Qərbə inteqrasiyasına, onların Avropa İttifaqına üzvlük cəhdlərinə müsbət yanaşmağı da prioritet məsələlər kimi dəyərləndirildi.

Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou da  çıxış etdi. O, 2022-ci il noyabr ayının 17-23-də Melburn şəhərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı haqqında danışdı. Həmçinin Beynəlxalq Əmək Konfransının qərarları, xüsusilə də əməyin mühafizəsinin və təhlükəsizliyinin işçilərin fundamental hüquqlarına daxil edilməsi üzrə həmkarlar ittifaqı kampaniyasının uğuru, BƏT-in Baş direktorunun seçkiləri barədə məlumatları diqqətə çatdırdı.

İcraiyyə Komitəsi sonra PARŞ-ın Konqresin hazırlanmasında, xüsusilə BHİK-in qərar qəbul edən orqanlarının, eləcə də Qadın və Gənclər Komitələrinin formalaşmasında rolunu müzakirə etdi.

PARŞ-ın Baş katibi Luka Visentini tərəfindən Baş Şuraya və İcra Bürosuna nümayəndələrin seçilməsi üçün təqdim olunan rəhbər prinsiplər dəstəkləndi. Qadınlar Komitəsinin sədri Sabine Slegers PARŞ-ın Qadınlar Komitəsinin nümayəndə heyətini BHİK-in Qadınlar Komitəsinə təqdim etdi.

PARŞ-ın Gənclər Komitəsi fəalları yalnız oktyabrın 6-7-də keçiriləcək konfransda deyil, həm də PARŞ-ın Gənclər Komitəsinin yenidən qurulmasında fəal iştirak etməyə çağırıldı.

Tədbirdə Azərbaycan Həmkarlar   İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov çıxış etdi. O, Azərbaycanın Ukraynaya göstərdiyi yardımlardan, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müharibə qaçqınlarına maddi dəstəyindən söz açdı. Sonra tarixi rakurs edərək 30 il əvvəl Azərbaycanın da işğala məruz qaldığını, torpağının 20 faizinin Ermənistan tərəfindən silah gücünə zəbt edildiyini, 1 milyona yaxın əhalisinin qaçqın, köçkün düşdüyünü, minlərlə dinc sakinin vəhşicəsinə öldürüldüyünü, girov götürüldüyünü xatırlatdı. “O zaman Qərb, dünyanın aparıcı dövlətləri xalqımızın bu faciəsinə biganə qaldı, işğala susdu. Hələ o vaxtlar ölkəmizin rəhbərliyi dünyanı siyasətdə ikili standartlara yol verməməyə çağırırdı. Belə siyasətin daha böyük miqyasda fəlakətlərə səbəb olacağı barədə həyəcan qaldırırdı. Elə də oldu. Dünya əmin-amanlıq, sülh şəraitində yaşamaq istəyirsə, işğala öz adı ilə yanaşmalı, ikili standartlara yol verməməlidir”, – dedi.

İcraiyyə Komitəsinin iclasında bu sətirlərin müəllifi də iştirak edirdi.