Mülki Müdafiə Qoşunlarının Qəbələ şəhərində yerləşən hərbi hissəsində Vətən müharibəsi qazilərinin iştirakı ilə tədbir keçirilib

1016

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə FHN-nin Mülki Müdafiə Qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsində 44 nəfər Vətən müharibəsi qazisinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Abdullayev, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin rəisi Sadiq Bəkirli və “N” saylı hərbi hissənin komandiri Rəşad Hacıyev, bir qrup zabit və əsgərlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canlarının fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixindən danışıb, hərbçi və əsgərləri, qaziləri, şəhid ailələrini bayram münasibətilə təbrik edib. Bildirib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Milli Ordunun yaradılması barədə tarixi qərar əsas götürülərək, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun təqvimi Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

“Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ulu Öndərin gərgin zəhmətinin bəhrəsidir və Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir”, – deyə Mehman İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı misilsiz işlər nəticəsində, həmçinin Azərbaycana rəhbərliyi dövründə sağlam və vətənpərvər gənc nəsil yetişib. İşğal altındakı torpaqlarımız məhz Azərbaycanın peşəkar hərbçilərinin və gənc vətənpərvər övladlarının şücaəti, fədakarlığı sayəsində cəmi 44 günə işğaldan azad edildi.

İttifaqın sədri çıxışında Prezident İlham Əliyevin şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial təminatı, postmüharibə dövründə onlara sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil təminatı istiqamətində gördüyü işlərə də toxunub.

Həmçinin Mehman İsmayılov çıxışında ölkənin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranlarına göstərdiyi diqqət və qayğıdan da danışıb. Qeyd edib ki, Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranlarının qayğılarının, xüsusən onların sosial və tibbi reabilitasiya problemlərinin həllində Heydər Əliyev Fondunun rəhbəri kimi göstərdiyi xüsusi diqqət, təşəbbüskarlıq və fədakarlıq təqdirəlayiqdir.

Bildirilib ki, FHN işçilərinin Həmkarlar İttifaqı ənənəyə sadiq qalaraq Silahlı Qüvvələr Günü ərəfəsində Vətən müharibəsinin 44 qazisinin Nabran qəsəbəsində istirahətini təşkil edib, 44 şəhid valideyninin Zəngilana səfəri və ağacəkmə aksiyası təşkil olunub. Həmçinin sabah Qəbələdə 44 şəhid anası ilə görüş olacaq. Şəhid ailələrinə və qazilərə qayğı göstərilməsi üçün bu cür tədbirlərin davam etdiriləcəyini bildirən Mehman İsmayılov çıxışının sonunda bir daha görüş iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Abdullayev çıxış edərək şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial və mənəvi cəhətdən dəstəklənməsi üçün həyata keçirilən işlərdən söhbət açıblar.

Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı adından Qəbələ rayonundan olan 44 nəfər Vətən müharibəsi qazisinə qiymətli hədiyyələr təqdim edilib.