İsmayıllıda AHİK və BƏT-in birgə hazırladığı kitabların təqdimatı olub

529

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (STİHİ RK) təşkilatçılığı ilə  İsmayıllı rayonunda “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının təqdimatı keçirilib.

Tədbirdə Respublika Komitəsinin rəhbərliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Təşkilat işləri və informasiya şöbəsinin müdir müavini Əli Cəfərov, Regional sukanal idarələrinin bazasında Şamaxı, Ağsu, Ucar, Kürdəmir və Qobustan sukanal idarələrinin nümayəndələri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, həmkarlar ittifaqı fəalları iştirak ediblər.

Respublika Komitəsinin sədri Akif Məmmədov AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, görülən işlərdən, həyata keçirilən layihələrdən, həmçinin STİHİ RK-nın sahə üzrə fəaliyyətindən danışıb.

AHİK-in Təşkilat işləri və informasiya şöbəsinin müdir müavini Əli Cəfərov kitabların Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə AHİK tərəfindən nəşr edildiyini, onların hazırlanmasının məqsəd və vəzifələrindən söz açıb. Bildirib ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bu istiqamətdə Azərbaycanda biri-birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Məhz bunun nəticəsidir ki, ölkəmizin davamlı sosial-isqtiadi inkişafı təmin edilir.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.