FHN Aran Regional Mərkəzində şəhid övladları üçün “açıq qapı günü” keçirilib

711

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Nazirliyin Aran Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün “açıq qapı günü” keçirilib.

Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Nazirliyin Aran Regional Mərkəzinin rəisi polkovnik Elxan Vəliyev, Yevlax Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

Tədbir asfalt üzərində rəsm yarışı ilə davam etdirilib.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.