DİİXİHİ RK-nın təşkilatçılığı ilə intellektual oyun təşkil olunub

674

İyunun 18-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (DİİXİHİ RK) xidmət sahəsinə aid birləşmiş və birbaşa tabeliyində olan ilk həmkarlar ittifaqı təşkilatlarının üzvləri arasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Fibonaççi” əyləncəli intellektual oyunu keçirilib.

Tədbirdə çıxış edən Respublika Komitəsi sədrinin müavini Əbülfəz Mehtiyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını iştirakçılara çatdırıb. Bildirib ki, Respublika Komitəsinin təşəbbüsü ilə artıq 2-ci dəfədir keçirilən «Fibonaççi» intellektual oyunları həm əyləncəli, həm də öyrədici olmaqla həmkar təşkilatlarının üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif təşkilatlarda çalışan ittifaq üzvlərinin biri-biri ilə ünsiyyət qurması, həmçinin Azərbaycan dilində geniş təmayüllü və ümumi inkişaf, erudisiya, dünyagörüş və məntiqi düşünmə bacarıqlarına əsaslanan əyləncə xarakterli keçirilən intellektual oyunların təbliği  məqsədilə keçirilir.

Oyunda Respublika Komitəsinin Aparat işçiləri və xidmət sahəsinə daxil olan həmkarlar ittifaqı təşkilatlarından olmaqla 31 komanda mübarizə aparıb.

İntellektual oyun 7 turdan ibarət olub, müxtəlif format və mövzuları əhatə edib. Nəticədə “Azərbaycan Beynəlxalq Bankı” ASC Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin komandası yüksək nəticə göstərərək I yeri, Mərkəzi Bank Həmkarlar İttifaqı Komitəsinin komandası II yeri, Asan Xidmətin Həmkarlar İttifaqı Komitəsinin komandası isə III yeri tutub.

I yeri tutan komandaya Fibonaççi təşkilatının kuboku və sertifikatları, II və III yeri qazanan komandalara isə sertifikatlar təqdim edilib. Hər 3 komandaya  Respublika Komitəsi tərəfindən  pul mükafatları verilib.

Qeyd edək ki, Respublika Komitəsinin Aparat işçilərini təmsil edən komanda 5-ci yerdə qərarlaşıb.