Azərbaycan regionun enerji mərkəzinə çevrilib

674

“Ölkəmizdə Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu  və əhəmiyyətli tədbiri olan Bakı Enerji Həftəsi keçirilir. Tədbir çərçivəsində təşkil olunan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgilərində, həmçinin Bakı Enerji Forumunda iştirak etmək üçün dünyanın 31 ölkəsindən sahə üzrə 250 əsas aparıcı şirkət bura toplaşıb. Bu da tədbirin əhəmiyyətini və ona olan marağı göstərir. Bu gün ölkəmiz dünyanın, əsasən də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli dərəcədə rol oynamaqdadır. Artıq Azərbaycan regionun enerji mərkəzinə çevrilib və məlum səbəblərdən dünyada bu sahədə yaşanan böhranın aradan qaldırılması istiqamətində ölkəmizin malik olduğu potensial yüksək qiymətləndirilir. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji siyasətinin təzahürüdür. Zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna malik olan ölkəmiz məhz bu siyasət çərçivəsində nəhəng regional və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri bu qəbildəndir ki, Azərbaycan bu layihələri uğurla icra etdi. Qeyd etdiyim kəmərlərin başa gəlməsi, təbii ki, böyük maliyyə imkanları, sabitlik tələb edirdi”.

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Cənub Qaz Dəhlizi layihəsindən bəhs etdi. Məlumdur ki, dəhliz enerji böhranının baş alıb getdiyi bir zamanda Avropanın enerji təminatında əhəmiyyətli rola malikdir. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu layihənin reallaşdırılması ölkəmizin gücünü bir daha təsdiqləyir. Kəmərin çox ağır mürəkkəb relyeflərdən – hündür dağlardan, dəniz çökəkliyindən keçməsinə bağmayaraq, boru xətti yüksək keyfiyyəti ilə standartlara tam cavab verir. Layihənin uğurla tamamlanması istiqamətində də Azərbaycan öz üzərinə düşən vəzifələri vaxtında və çevik şəkildə icra etdi. Ölkəmiz ixrac prosesinə başladığı vaxtdan bu günə kimi təchizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirib. Qeyd edim ki, dəhlizin genişləndirilməsi imkanları da hazırda müzakirə predmetidir və inanırıq ki, bu, yaxın gələcəkdə baş verəcək”, – AHİK sədri deyib.

Onun sözlərinə görə, Azərbaycan etibarlı tərəfdaş olaraq dünyada özünü təsdiqləyib: “Məhz buna görədir ki, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan məmnundurlar. Həmçinin ölkəmizdə əlverişli biznes mühüti formalaşdırılıb, investisiya imkanları genişləndirilib. Məlumdur ki, Azərbaycanın “yaşıl enerji” potensialı da yüksəkdir, burada küləkli və günəşli günlərin çox olması bu sahənin inkişafına əlverişli şərait yaradır. Dünyada məşhur “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, “Masdar” şirkəti tərəfindən isə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə də bu istiqamətdə iş aparılır. Bütün bunlar ölkəmizdə qaza qənaət olunmasına və ixracına imkanlar yaradacaq”.