Xüsusi təyinatlılar şanlı hərb tariximizdə böyük bir məktəbin əsasını qoydular

678

“Azərbaycanın hər bir uğurunun və əldə etdiyi nailiyyətin arxasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi möhkəm təməllər dayanır. Onun xalqımızın rifahı, dövlətimizin inkişafı, Vətənimizin qorunması üçün atdığı bütün addımlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilərək öz hədəfinə çatmış oldu. 1999-cu ildə Azərbaycan Ordusunun ən çevik və peşəkar döyüş qabiliyyətinə malik Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması və onların hərb tariximizdə oynadığı rol Heydər Əliyevin nə qədər uzaqgörən və dahi şəxsiyyət olduğunu bir daha ortaya qoyur”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Xüsusi Təyinatlı Qüvvələrin yaradılması ümumilikdə tarixi bir hadisə idi: “Proseslərin sonrakı gedişi dediklərimizi təsdiqləyir. 2016-cı ilin Aprel döyüşləri Ordumuzun bu bölməsinin gücünü, peşəkarlığını, yüksək döyüş ruhunu əyani olaraq həm işğalçı Ermənistana, həm onların havadarlarına, həm də bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə böyük qəhrəmanlıq göstərən xüsusi təyinatlılar Ordumuzun digər bölmələri ilə birlikdə düşmənin dərsini layiqincə verdilər. Yarandığı gündən Xüsusi Təyinatlı Qüvvələrə dövlətimiz tərəfindən böyük diqqət göstərilib. Onların dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlarla, döyüş vasitələri və texnikalarla təchizi üçün hər cür şərait yaradılır. Yerli sənayemizin istehsal etdiyi məhsulların da Xüsusi Təyinatlı Qüvvələrimizin güclənməsində müstəsna əhəmiyyəti var, həmin məhsulların effekti döyüşlərdə çox böyük olub”.
“2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi xüsusi təyinatlılarımızın qəhrəmanlıq salnaməsidir. Onların nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti bütün dünyaya səs saldı. Müharibənin hər günü yalnız irəli gedirdilər, bir addım da olsun geri çəkilmədilər. Səhra, dağ, qaya, isti, soyuq demədən, iqlimin və relyefin hər cür sərt üzünə hazır olan Xüsusi Təyinatlı Qüvvələrimiz cəmi 44 günə düşmənin dizini yerə qoydu. Hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri azad etməklə xalqımıza böyük sevinc bəxş edirdilər. Şuşa əməliyyatı isə onların peşəkarlığının və yüksək döyüş qabiliyyətinin təntənəsi oldu. Onlar dağları aşaraq, qayalardan dırmanaraq Şüşaya çıxdılar, yüngül silahlarla, əlbəyaxa döyüşlə, şəhərin tarixi görkəminə zərər verməməklə oranı azad etdilər. Bir sözlə, Qarabağ dastanının müəlifi oldular, xalqımızı məğlub girdabından xilas etdilər. Onlar göstərdikləri qərəmanlıqlarla şanlı tariximizdə böyük bir məktəbin əsasını qoydular: Vətəni bütün qəlbi ilə sevmək, hər zaman onun müdafiəsinə hazır olmaq, bu yolda heç nədən qorxmamaq və çəkinməmək. İnanırıq ki, xalqımızın gələcək nəsilləri bu məktəbi dərindən öyrənəcək və bundan layiqincə bəhrələnəcəklər”, – Milli Məclisin deputatı deyib.
“Aprelin 30-da müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbirdə Ordumuzun bu bölməsinin peşəkarlığından, yüksək döyüş hazırlığından, vətənpərvərlik hissindən söz açdı, Vətən müharibəsindəki qəhrəmanlıqlarından bəhs etdi. Dövlətimizin başçısının xüsusi təyinatlılarla fəxr etdiyini bir daha qeyd etməsi, təbii ki, onların fəaliyyətinə verilən ən ali qiymət və böyük dəyərdir. Əminik ki, xalqımız onların qəhrəmanlıqlarını heç zaman unutmayacaq, həmişə böyük fəxarətlə xatırlayacaq. Dövlətimizin başçısı xüsusi təyinatlıların sayının İkinci Qarabağ müharibəsindən bu yana 2 dəfə artırıldığını bildirdi. Həmçinin hərbi xərclər də davamlı olaraq artırılır. Bu, onu göstərir ki, Azərbaycan bundan sonra da müdafiə məqsədilə hərbi qüdrətini davamlı olaraq artırmaqda davam edəcək. Bu gün Ermənistanda Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyən, revanşist düşüncə ilə yaşayan insanlar anlamalıdırlar ki, onları hansı tale gözləyir. Bunun üçün onlar 44 günlük Vətən müharibəsində döyüş meydanından qaçmaqla canını güclə xilas etmiş erməni əsgərləri ilə söhbət apara bilərlər”, – AHİK sədri fikrini belə tamamlayıb.