Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

520

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Mclisin deputatı Səttar Möhbalıyev, təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, festivalı keçirməkdə əsas məqsədimiz gənclərimizə milli vətənpərvərlik ruhu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənəlrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir: “Sevindirici haldır ki, son illərdə festivalda iştirak edənlərin sayı artır. Bu da onu deməyə əsas verir ki, biz bu işdə kütləviliyə nail olmuşuq. Festivalın keçirilməsi və qaliblərin müəyyən edilməsi Azərbaycanın xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçirilib”.
S.Möhbalıyev qeyd edib ki, bu gün Azərbaycan mədəniyyəti davamlı inkişaf yolu keçir və bütün dünyaya təbliğ olunur: “Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. O, mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunub saxlanmasına və təbliğinə də diqqətlə yanaşırdı. Məhz onun diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti davamlı inkişaf yolu keçib. Bu gün biz qürur hissi ilə bildiririk ki, Ulu Öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları onun müzəffər davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə edib və özünün yeni dövrünü yaşayır. Son illərdə mədəniyyət xadimlərimiz həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində keçirilən mühüm tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edirlər. Cənab Prezidentimiz vaxtaşırı olaraq mədəniyyət xadimləri ilə görüşür, mədəniyyət sahəsində çalışan insanların sosial təminatının yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalayır”.
“Heydər Əliyevin mədəniyyət sahəsindəki siyasətinin reallaşması işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir”, – AHİK sədri deyib.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin reallığa çevrilmiş arzulardan biri də onun Azərbaycan gəncləri ilə bağlı arzularıdır: “Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. İstər siyasi, iqtisadi, istər humanitar, istərsə də sosial tədbirlərin həyata keçirilməsində gənclərimiz mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib”.
Çıxışının sonunda Konfederasiya sədri əlavə edib ki, 1995-ci ildən başlayaraq ATİAHİ Respublika Komitəsi hər semestr 65 nəfərdən artıq əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbəyə adlı təqaüd verir, hər il 220 nəfərdən artıq aztəninatlı ailələrdən olan tələbələrə pulsuz nahar yeməyi verilməsini öz vəsaiti hesabına təşkil edir: “Hər il minlərlə tələbənin sosial müdafiəsinə yardımlar edilir. Həmkarlar ittifaqları olaraq biz çalışırıq ki, gənclərə dəstək olaq, onların sağlam böyüməsi və ölkəmizin layiqli vətəndaşı kimi formalaşmasına kömək edək. Bu tədbirləri təşkil etməklə biz həm də Azərbaycanda gənclər siyasətinə də öz dəstəyimizi nümayiş etdiririk”.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət və qayğı nəticəsində xaricdə təhsil alan gənclərin dövlət qurumlarında yüksək mövqelər tutduğunu, Ümummilli Liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusi olaraq qeyd edib. F.Qurbanov tələbələrə təhsillərində, gələcək işlərində uğurlar diləyərək, bütün iştirakçıları təbrik edib.
Konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nümunələri, şerlər səsləndirilib.
Qeyd edək ki, müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak edib. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsi qatılıb.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi