Ölkəmizdə həmkarlar təşkilatlarının sıraları genişlənməkdədir

745

Üzvlərinin sayının artırılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (KTN BHİK) fəaliyyətini davam etdirir, rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) müəssisə rəhbərləri ilə görüşlər keçirilir, onlara həmkarlar təşkilatlarının əhəmiyyəti, müəssisədə yeri və rolu haqqında məlumat verilir. Həmçinin işçilərin təşəbbüsü ilə həmkarlar təşkilatı yaratmaq istəyən müəsissələrdə həmkarlar komitələri təsis olunur.

Bu istiqamətdə növbəti görüş Şamaxı rayonunda baş tutub. Rayon DAİM-in direktoru  Etibar Muradlı tədbir iştirakçılarına rayonda aqrar sahənin vəziyyəti, fermerlərə göstərilən dövlət dəstəyi haqqında geniş məlumat verib.

KTN BHİK sədri Fuad Məmmədov həmkarlar təşkilatlarının vəzifə və səlahiyyətlərindən danışaraq təmsil etdiyi qurumun işçilərin əmək həyatındakı rolundan bəhs edib, bu istiqamətdə icra olunan lahiyyələr haqqında danışıb.

Qeyd edək ki, görüşdə “Şirvan şərabları” MMC-nin, “Mədrəsə Aqro” MMC, və “Şamaxı Aqro MMC kimi şirkətlərin rəhbərləri, həmçinin respublikanın ən böyük kənd təsərrüfatı müəssisələrindən olan “Aqrodairy” MMC-nin regional nümayəndəliyinin rəhbəri iştirak ediblər. Yaxın vaxtlarda qeyd olunan müəssisələrdə də həmkarlar ittifaqları komitələrinin təsis olunması nəzərdə tutulur.

Tədbirin sonunda DAİM-in direktoru Etibar Muradlıya Şamaxıdakı aqrar sahənin inkişafı, həmçinin həmkarlar ittifaqının rayondakı fəaliyyəti  xidmətlərinə görə Fəxri diplom təqdim olunub.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi