“Heydər Əliyevin dəmiryolunun inkşafında rolu” mövzusunda dəyirmi masa keçirilib

611

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində ümummilli lider, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Heydər Əliyevin dəmiryolunun inkşafında rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Respublika Komitəsinin sədri Fəzail Bağırov bildirib ki, respublikamızda dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır: “Məhz Ümummilli Liderimizin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatmışdır. Ulu öndər istər Azərbaycan Respublikasında, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən bu sahənin fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-nin ən böyük çeşidləyici stansiyalarından olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmiryolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80-90 milyon tona çatdırılmışdır”.

“Xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Heydər Əliyev Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafını diqqət mərkəzində saxlamışdır. Ümummilli liderin siyasi xəttinin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyev dəmir yolu sistemində də ardıcıl tədbirlər həyata keçirmişdir. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Dəmir Yollarının beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm layihələr dəmir yolu infrastrukturunun inkişafını sürətləndirmişdir. Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin gələcəkdə normal fəaliyyət göstərməsini və Azərbaycan üzərindən yük axınının dəfələrlə artmasını təmin edə biləcək əsas işlərdən biri də yerli dəmiryollarının yenidən qurulması, əsaslı təmiri və dəmir yolu parkının yenilənməsidir. 2015-2019-cu illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 841,7 kilometr yol və 875 dəst yoldəyişən əsaslı təmir olunub, 3101 ədəd yeni yük vaqonları, 32 ədəd yeni lokomotiv alınıb. Ölkə rəhbəri “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında yaxın illərdə reallaşdırılması nəzərdə tutulan bir sıra mühüm vəzifələr qoyub. Bunlardan biri də mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsidir”, – F.Bağırov qeyd edib.

Onun sözlərinə görə, ölkəmizin dəmir yollarında aparılan bütün bu quruculuq işləri Azərbaycan iqtisadiyyatının güclənməsinə əlverişli zəmin yaradır.

Digər çıxış edənlər Ulu Öndərin xalqımızın həyatındakı xilaskar missiyasından, ordu quruculuğundan, iqtisadi uğurlarından, nəqliyyat infrastrukturunun inkişafındakı xidmətlərindən danışıblar.