Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Ramazan bayramı münasibətilə təbriki

756

Təbrikdə deyilir:

“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.

Ramazan bayramı ölkəmizdə milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxah duyğuların təntənəsinə çevrilib, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir.

Bayramın dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Bu gün ölkəmiz dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınır.

Əziz həmvətənlər, bir daha bu əziz gün münasibətilə hər birinizə təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət, həmkarlar ittifaqlarının üzvlərinə sağlam, təhlükəsiz əmək və iş şəraiti arzulayıram.

Allah orucunuzu qəbul etsin!”