AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarı ilə görüşüb

816

Mayın 24-də Türkiyənin Bank-Maliyyə və Sığorta İşçiləri Həmkarlar İttifaqının (BASİSEN) sədri Mətin Tiryakioğlu ölkəmizə səfəri çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevlə görüşüb.

Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin hər iki ölkənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə qədəm qoyub.

İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyi dəyərləndirən S.Möhbalıyev deyib ki, bu, sözün hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi və buna görə Türkiyə rəhbərliyinə və xalqına təşəkkür edirəm.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir, sosial siyasətin həyata keçirilməsində yaxından iştirak edir, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.

S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.

Səmimi qəbula görə təşəkkür edən BASİSEN sədri Mətin Tiryakioğlu Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Qeyd edib ki, Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında münasibətlər günü-gündən inkişaf edir, qarşılıqlı səfərlər təşkil edilir, təcrübə mübadilələri aparılır. Vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqlarının təcrübəsi rəhbərlik etdiyi qurum üçün çox önəmlidir və bundan yararlanmağa çalışacaqlar.

Görüşdə həmçinin maraq doğuran digər məsələlərin də müzakirəsi aparılıb.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi