“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

930

Mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.

S.Möhbalıyev çıxışında dövlətçiliyin, müstəqilliyin daha da möhkəmlənməsində, gələcəyin etibarlı təminatında intellektual səviyyəli potensial kadrların hazırlanmasının, onların aparıcı qüvvəyə çevrilməsinin vacib olduğunu bildirib: “Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. İstedadlı şagird və tələbələrin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verildi, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açıldı, istedadlı uşaq və gənclərə hər zaman diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi”.

AHİK sədri qeyd edib ki, Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahəyə ciddi fikir verirdi: “Təsadüfi deyil ki, 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açıldı və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı. Həmçinin bu illərdə hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərildi”.

Milli Məclisin deputatının sözlərinə görə, Ümummilli Liderin təhsillə bağlı siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir: “Bu sahədə ardıcıl olaraq həyata keçirilən effektli islahatlar, hər cür şəraiti olan yeni məktəblərin tikilməsi, müasir maddi-texniki bazalarla təminat bunlara əyani sübutdur”.

“Belə bir müsabiqənin təşkil edilməsi Ulu Öndərin həyat və fəaliyyətinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir. Şagirdlərimiz Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi bugünkü gözəl həyatı anır, həm də öz istedadlarını ortaya qoymuş olurlar”, – Konfederasiya sədri əlavə edib.

Mərasimdə I yerə layiq görülmüş şagirdlərdən Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Altay Əlinin təqdimatı nümayiş olunub.

Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.

Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi