Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək daha parlaq gələcəyə doğru əminliklə irəliləyir

974

“Dövlətimizin başçısı cənab İlham Əliyevin prezident kimi siyasi fəaliyyətini xarakterizə edərkən görürük ki, ölkəmizin həyatının bütün sahələrində böyük uğurlar və nailiyyətlər biri-birini əvəzləyir, Azərbaycan sürətli inkişaf yolu tutub. Hər bir Azərbaycan vətəndaşı bunu öz həyatında hiss edir. İlk öncə, onu deyim ki, ölkəmizdə siyasi sabitlikdir, firavanlıq, əmin-amanlıq bərqərar olub, insanların sosial rifahı ildən-ilə yaxşılaşır. Bütün bunların qarantı bilavasitə cənab İlham Əliyevdir. Çünki onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və qəbul etdiyi bütün qərarlarda dövlətimizin və xalqımızın mənafeyi əsas təşkil edir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, milli maraqları hər şeydən üstün tutması və ən ağır məqamlarda belə onu ləyaqətlə qorumağı bacarması, siyasi iradəsi, qətiyyəti, hadisələrin inkişaf axarını öncədən müəyyənləşdirə bilməsi, cəsarətli qərarlar qəbul etməsi xalqın qəlibində cənab İlham Əliyevə olan sevgini daha da artırır: “Məhz bütün bu və digər amillər imkan verdi ki, 2018-ci il aprelin 11-də azad və demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilsin. Onun siyasi fəaliyyəti, daxili və xarici siyasət sahəsində gördüyü işlər məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Ölkə daxilində və xaricdə baş verən hadisələrə münasibəti birmənalı və dəqiqdir. İnsanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Dövlətimizin başçısının hər bir çıxışı, hər bir nitqi onun peşəkar bilik səviyyəsinə malik olduğunu göstərir. Xalqın hər bir nümayəndəsi ilə ünsiyyət yaratmaq keyfiyyəti, Prezident-vətəndaş arasındakı psixoloji maneəni aradan götürməyi böyük ustalıqla bacarması İlham Əliyevə xalqın böyük inamını, məhəbbətini daha da artırır”.

“Qədirbilən xalqımız cənab İlham Əliyevə hər zaman etimad göstərməklə bilavasitə ölkəmizdə görülən misilsiz işləri, uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirmiş olur: “Xüsusilə qeyd edim ki, 2003-2018-ci illər Azərbaycan iqtisadiyyatının ən parlaq dövrü kimi tarixdə qalıb, Belə ki, ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanları köklü şəkildə yaxşılaşıb. Bu statistika cənab İlham Əliyevin əzm və qətiyyətlə həyata keçirdiyi sistemli və ardıcıl islahatların nəticəsidir. Bundan başqa, minimum əməkhaqqı 12.9 dəfə artıb, 1 958 400 yeni iş yeri açılıb. Rəqabət qabiliyyətliyinin artırılması, neftdən asılılığın azaldılması yöndə addımların atılması, keyfiyyətli ixrac məhsullarının çoxaldılması Azərbaycanın iqtisadi imkanlarını genişləndirib”, – Milli Məclisin deputatı deyib.

S.Möhbalıyev qeyd edib ki, 2003-cü ildən bu yana ictimai həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlər bir daha təsdiqləyir ki, xalq öz taleyini cənab İlham Əliyevə etibar etməkdə qətiyyən yanılmayıb: “Onun düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Bu uğurların təməlində Prezidentin şəxsi bacarığı, qabiliyyəti və eyni zamanda ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın misilsiz xidmətləri dayanır. Məhz onun yürütdüyü siyasət cənab İlham Əliyevin fəaliyyətinə çox böyük dəstək olmaqla həm də xalqın Prezidentə olan sarsılmaz inamını daha da möhkəmləndirir”.

AHİK sədri ifadə edib ki, bu gün xalqımız dövlətimizin başçısının ətrafında sıx birləşərək daha parlaq gələcəyə doğru əminliklə irəliləyir: “İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlarımız, nailliyyətlərimiz hələ qarşıdadır”.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi