Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş idman yarışlarına start verildi

585
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv olan təşkilatlar Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümü münasibətilə bir sıra tədbirlər həyata keçirir. Bununla əlaqədar idman yarışlarının keçirilməsi artıq ənənə halına çevrilib. Futbol yarışları, ağırlıq qaldırma, şahmat oyunları və digər idman tədbirləri böyük maraq kəsb edir və təqdirəlayiq hal kimi qiymətləndirilir. AHİK-ə üzv olan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin struktur bölmələri arasında mini futbol, qaçış, daş qaldırma, turnikdə dartınma və nərd üzrə idman yarışları keçirəcək. Aprelin 25-də mini futbol yarışlarına start verilib. Tədbir Milli Aviasiya Akademiyasının İdman Sağlamlıq Mərkəzinin futbol meydançasında baş tutub. Çıxış edən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Mübariz Əsədov yarış iştirakçılarına uğurlar arzulayaraq ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, dövlətimizin uğurlu idman siyasətindən danışıb. Qeyd edib ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi dünyada idman ölkəsi kimi də öncül sıralardadır. Olimpiya yarışlarında beynəlxalq turnirlərdə idmançılarımızın əldə etdiyi nailiyyətlər, qazanılan medallar ölkəmizdə idmana göstərilən xüsusi diqqət və qayğının təzahürüdür. O bildirib ki, Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümü münasibətilə keçirilən final yarışları may ayının 10-da başa çatacaq və qaliblər həmkarlar ittifaqı tərəfindən mükafatlandırılacaq. Sonra mini futbol yarışına start verildi və komandalar arasında qələbə üçün mübarizə başladı.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi