Tərtərdə Respublika Komitəsinin sədri şəhid ailəsini ziyarət edib

658

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov Tərtər rayonunda kəşfiyyatçı şəhid Abbasov Aysənanın ailəsini ziyarət edib.

Söhbət zamanı R.Səfərov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, əsgər və zabitlərimizin rəşadətindən söz açıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, xalqımızın sarsılmaz birliyi və yenilməz Ordumuzun qəhrəmanlığı 30 illik düşmən işğalına son qoydu, ərazi bütövlüyümüz təmin edildi. R.Səfərov qeyd edib ki, şəhid analarının nümayiş etdirdiyi iradəyə bütün dünya şahid oldu, qələbəmizin əsas təminatçılarından biri də məhz şəhid analarıdır: “Xalqımız heç vaxt şəhidlərimizi unutmayacaq, əziz xatirələrini qəlbində əbədi yaşadacaq”.

Həmçinin Respublika Komitəsinin Təşkilat işləri və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Nəsibov və Tərtər Poçt Filialının rəisi Emin Qurbanov çıxış edərək şanlı qələbəmizdən, dövlətimizin şəhid ailələrinə və qazilərə olan diqqət və qayğısından danışıblar.

Şəhidin anası Rəna xanım oğlu ilə bağlı xatirələrini bölüşüb, nümunəvi, vətənpərvər bir gənc olduğunu bildirib.

Göstərilən maddi və mənəvi dəstəyə görə, şəhidin ailəsi Rəşad Səfərova təşəkkür edib.

Qeyd edək ki, şəhidin iki azyaşlı övladı yadigar qalıb.