Son aylarda 15 özəl müəssisələrdə həmkarlar təşkilatı yaradılıb

940

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi üzvlərinin sayının artırılması istiqamətində silsilə tədbirlərini davam etdirir. Bu məqsədlə regionlarda aqrar sahədə fəaliyyət göstərən müəssisə rəhbərləri ilə görüşlər keçirilir, onlara həmkarlar təşkilatının əhəmiyyəti, müəssisədə yeri və rolu haqqında məlumat verilir. Kollektivin təşəbbüsü ilə Həmkarlar təşkilatı yaratmaq istəyən müəssisələrdə görüşlər keçirilir, həmkarlar komitələri təsis olunur. Özəl sahədə işçilərin təşkilatlanması proqramına uyğun olaraq keçirilən bu kimi görüşlər bir çox rayonlarda səmərə verməkdədir.

Növbəti görüş Cəlilabad rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilib. DAİM-in direktoru Rahib Kərimov görüş iştirakçılarına rayonda aqrar sahədə görülən işlər, ölkədə fermerlərə göstərilən dövlət dəstəyi haqqında geniş məlumat verib. KTN-nin Birləşmiş Həmkarlar İttifaqı komitəsinin sədri Fuad Məmmədov həmkarlar təşkilatının son illərdə gördüyü işlərdən tədbir iştirakçılarına danışıb. O, çıxışında üzvlərin say tərkibinin artırılması məsələsinin təşkilatın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib. Bildirib ki, son aylarda 15 özəl müəssisədə həmkərlar təşkilatı yaradılıb, 6 şirkətdə yaxın vaxtda işçilər tərəfindən həmkarlar təşkilatı təsis olunacaq. Ümumilikdə yeni yaradılan təşkilatlar 1730 nəfəri əhatə edir.