Brüssel görüşünün nəticələri Azərbaycanın mühüm siyasi uğurudur

609

“Azərbaycanın Qarabağ münaqişəsini həll etməklə yaratdığı dəyişməz reallıqlar bütün tərəflərin maraqlarına cavab verir. Bunu beynəlxalq və regionlar təşkilatların, həmçinin prosesə münasibət bildirən dövlətlərin davranışları da sübut edir. Reallıq isə ondan ibarətdir ki, işğala son qoyulmaqla region Ermənistanın yaratdığı bataqlıqdan xilas olaraq sürətli inkişaf yoluna qədəm qoyub. Bu, bütövlükdə region ölkələrinin siyasi-iqtisadi maraqlarına tam cavab verir. Dünyanın aparıcı kütləvi informasiya vasitələri, siyasi ekspertlər regiondakı vəziyyəti müzakirə edərkən bilavasitə bu reallıqlara əsaslanırlar və bunu bölgədə sülh və təhlükəsizlik üçün əvəzolunmaz hesab edirlər. Bütün bunlar bir daha onu göstərir ki, postmünaqişə dövründə Azərbaycanın ortaya qoyduğu mövqe, irəli sürdüyü təşəbbüslər sülh və sabitliyə, region ölkələrinin qarşılıqlı səmərəli əməkdaşlığına əsaslanır. Ermənistan tərəfinin də düşdüyü ağır böhrandan yeganə çıxış yolu bu vəziyyətlə barışmasıdır. Çünki bu dövlət heç vaxt Azərbaycanla rəqabət aparacaq gücdə olmayacaq, nəinki ərazi iddiaları ilə çıxış etsin.Ermənistan anlamalıdır ki, Azərbaycan regionun lideridir, gələcək inkişaf Azərbaycanla əməkdaşlıqdan keçir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, postmüharibə dövründə aparılan bütün danışıqlar Azərbaycanın milli maraqları çərçivəsində və irəli sürdüyü təkliflər əsasında aparılır: “Bu istiqamətdə aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfərini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşlərini və əldə olunmuş nəticələri məhsuldar hesab edirəm, bunu həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru kimi qiymətləndirirəm. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılması, bu istiqamətdə işçi qrupun yaradılması, Azərbaycanın irəli sürdüyü 5 təklif və bunun əsasında predmetli danışıqların aparılması Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində önəmli qərardır. Delimitasiya prosesinə başlanılması məsələsi müharibə başa çatdıqdan sonra Azərbaycanın irəli sürdüyü ilk təkliflərdəndir və son danışıqlarda bu barədə razılığın əldə olunması çox əhəmiyyətlidir”.

“Keçirilən görüşün nəticələri bir daha təsdiqləyir ki, Avropa İttifaqı ölkəmizin müəllifi olduğu yeni geosiyasi reallığı qəbul edir və bu səpgidə kifayət qədər maraqlıdır. Məsələn, sənəddə ermənilərin iddia etdiyi “Dağlıq Qarabağ” ifadəsinin  yer almaması, həmçinin fəaliyyəti ərzində onsuz da bir iş görməyi bacarmayan, ümumiyyətlə, buna cəhd göstərməyən ATƏT-in Minsk qrupuna istinadın olmaması mühüm faktdır. Təbii ki, münaqişənin başa çatması ilə Minsk qrupunun da mənası qalmayıb. Artıq Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm formalaşıb və proseslər Azərbaycanın milli maraqlarına tam cavab verir”, – Milli Məclisin deputatı deyib.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi