AHİK sədri Səttar Möhbalıyev Sahibkarlar Günü münasibətilə keçirilən tədbirdə iştirak edib

605

Aprelin 25-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda Konfrans keçirilib.
Tədbirdə iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxışında sahibkar və işçilər arasında düzgün münasibətlərin qurulması, bunun sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə danışıb: “Prezident İlham Əliyevin gördüyü genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə öncədən müəyyən olunmuş hədəflərinə çatıb. Fəxarətlə deyə bilərik ki, ölkəmiz inkişafının ən yüksək mərhələsini yaşayır və bu, hər bir vətəndaşımızı qürurlandırır. Ölkəmizin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyası yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Ölkəmizin iqtisadi inkişaf strategiyasının mərkəzində sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması dayınır. Bu istiqmətdə mütəmadi olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Məhz bunun nəticəsidir ki, bu gün sahibkarlıq ölkə iqtisadiyyatının əsas aparıcı hissəsini təşkil edir”.
S.Möhbalıyevin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatında dinamik inkişaf müşahidə olunur: “Statistikaya əsasən, iqtisadiyyatımız 6,8 faiz artmışdır ki, bu da böyük nailliyyətdir. Qeyri-neft sektorunda isə bu artım 10 faizi keçir. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Xarici tcarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə, qeyri-neft ixracımız 45 faizə yüksəlib”.
AHİK sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası işçilərin sosial-iqtisadi hüquqlarının qorunması və sosial problemlərinin həllinə diqqətlə yanaşmaqla yanaşı, həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi üçün bir sıra addımlar atmaqdadır: “Ölkəmizin sosial-iqtisadi inkişafında əhalinin daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaran şəxslərin məşğulluğunun artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası kiçik və orta biznesin inkişafına daim böyük diqqət yetirir. Yerlərdə bağlanılan kollektiv müqavilələrdə bu cür məsələlərin əks etdirilməsini, yaranan problemlərin vaxtında və səmərəli həll edilməsini nəzarət altında saxlayır. Bu zaman sosial tərəfdaşların iştirakı təmin olunur”.
S.Möhbalıyev əlavə edib ki, Azərbaycanda yeni iş yerləri yaradılır: “Məqsədimiz işçilərin əmək təhlükəsizliyi və layiqli əməkhaqqı ilə təmin edilməsidir. Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 75-80%-i özəl sektorun hesabına formalaşır. Özəl sektorun inkişafı həmkarlar təşkilatlarının da inkişafına təkan verir. Əsas istəyimiz layiqli iş yerlərinin yaradılmasıdır. Əmək təhlükəsizliyi və layiqli əməkhaqqı üzrə ölkədə irəliləyiş var. Azərbaycan minimum əməkhaqqının artırılmasına görə MDB ölkələri arasında yuxarı sıralarda dayanır”.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi