AHİK-ə üzv təşkilatlarda Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbirlər keçirilir

547

Aprelin 28-də Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “Aqrar sahədə əməyin mühafizəsi” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev bildirib ki, ölkədə çalışan işçi qüvvəsinin böyük hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olur, aqrar sahədə intensiv olaraq maşın və aqreqatlardan, pestisidlərdən, həmçinin digər aqrokimyəvi maddələrdən istifadə edildiyindən bu sahədə əməyin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir.

AHİK-in sədr müavini Cavanşir Alxasov əməyin mühafizəsinin təşkili və təmini işində həmkarlar ittifaqlarının rolundan, ölkəmizdə bu sahədə görülən işlərdən, əməyin mühafizəsi sahəsində işəgötürənlərin və işçilərin üzərinə düşən vəzifələrdən bəhs edib. Onun sözlərinə görə, həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə mütəmadi olaraq müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin yaxşılaşdırması istiqamətində ciddi fəaliyyət göstərirlər.

Kənd Təsərrüfatı Nazirliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov çıxış edərək işçilər üçün sağlam və və təhlükəsiz əmək şəraitinin yaradılması işəgötürən və bu sahəyə ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının ən başlıca vəzifələrindən biri olduğunu diqqətə çatdırıb. O, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması və təcrübə mübadiləsinin aparılması işlərinin mütəmadi davam etdirilməsinin zəruri olduğunu qeyd edib. Əlavə edib ki, əsas istəyimiz üzvlərimizin təhlükəsiz mühitdə çalışmasıdır.

Daha sonra sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının rəhbərləri fəxri diplomlarla təltif olunublar.

Konfrans öz işini “Əməyin mühafizəsi sahəsində çağırışlar” və “Aqrar sahədə əməyin mühafizəsi” mövzularına həsr edilmiş panel müzakirələrlə davam edib.