Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

837
2 fevral 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nazirlikdə Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən sədr Mehman İsmayılov ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən ətraflı bəhs edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1997-cı ildən başlayaraq 2 fevralın Azərbaycan Gəncləri Günü kimi qeyd edildiyini diqqətə çatdıran M.İsmayılov bildirib ki, ölkədə gənclər siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulub. Onun sözlərinə görə, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyera qazanmasında Ümummilli Liderin xüsusi əməyi olub, ikinci dəfə hakimiyyətə qayıdışından sonra da Azərbaycanda gənclər hər zaman xüsusi dövlət qayğısı ilə əhatə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir. Natiq gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə yüksək təhsil qazanması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərdən danışaraq, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şəraitdən də söz açıb. Qeyd olunub ki, məhz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində vətənpərvər gənclər ordusu yetişdi və bu gənc nəsil böyük Zəfərlə bitən 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiq etdi.
Mehman İsmayılov qeyd edib ki, bu gün Azərbaycan gəncləri qürurla ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkə həyatının bütün sahələrində uğurla çalışmaqla dövlətimizin inkişafına öz töhfəsini verir.
Sonra ittifaq sədri FHN-də çalışan gənclərin fədakar əməyindən bəhs edərək həm Vətən müharibəsi dövründə, həm də gündəlik xidmətlərində ittifaqın gənc üzvlərinin əzmkar fəaliyyətlərindən danışıb. Ötən ilin yayında qardaş Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində, qəza-xilasetmə işlərində gənc əməkdaşların peşəkar və fədakar fəaliyyəti qeyd olunanların bariz nümunəsidir.
Çıxışdan sonra Fövqəladə Hallar Nazirliyinin vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənmiş 48 nəfər gənc əməkdaşı FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.