Azərbaycan naminə şərəfli missiya

1069

Mehriban xanım Əliyeva böyük dayaq, mərhəmət və xeyirxahlıq örnəyidir

Azərbaycan tarixində zamanın, hadisələrin məhvərini dəyişməyə qadir, sərkərdə ruhlu, siyasətdə, elmdə, mədəniyyətdə, incəsənətdə və digər bütün sahələrdə ciddi nəticələrə imza atan güclü qadınlar çox olub. Onlar cəmiyyətimizin inkişafında fəal iştirak edib, ona öz töhfələrini veriblər.

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan qadınlar təkcə ana deyil, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudurlar. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdən biridir.

Mütərəqqi islahatlar və ən doğru seçim

Bu gün ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir.

Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamına əsasən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından 5 il ötür. Bu kiçik dövrə ekskurs edib nəzər yetirsək, əlbəttə ki, ölkəmiz, xalqımız adına çox böyük işlərin görüldüyünə şahidlik etmiş olarıq.

2016-cı il ölkəmizin tarixinə dərin islahatlar ili kimi düşdü. Bu islahatların müəllifi isə dünyada gedən siyasi prosesləri düzgün dəyərləndirərək milli maraqlarımız naminə tam müstəqil siyasət yürüdən, Azərbaycanı Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirən Prezident İlham Əliyevdir. Məhz ən islahatçı Prezidentin təşəbbüsü ilə keçirilən ümumxalq referendumunda seçicilərin etimadı xalqın dövlət başçısına inamının əyani göstəricisi idi. Xalq İlham Əliyevin elan etdiyi islahatlar konsepsiyasına birmənalı dəstəyini nümayiş etdirdi.

Həmin ildə islahatların tərkib hissəsi kimi ölkəmizdə keçirilən ümumxalq referendumu ilə Konstitusiyaya dəyişikliklər edildi və Azərbaycanda yeni vitse-prezidentlik institutu yaradıldı. Eyni zamanda daha çevik idarəetmə mexanizmlərinin hüquqi bazası formalaşdırıldı. Yeni siyasi və iqtisadi islahatlar kursunun tərkib hissəsi olan dəyişikliklərin əsas mahiyyətini inzibati-hüquqi, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə keyfiyyət üstünlüyünü artırmaq, idarəçilik sistemini müasir çağırışlara cavab verən yönümdə təkmilləşdirmək təşkil edirdi.

Vitse-prezidentlik vəzifəsinin təsis edilməsinin məqsədi dövlət strukturlarının fəaliyyətində səmərəliliyin və çevikliyin yüksəldilməsini, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına nail olunmasını, məmur məsuliyyətinin gücləndirilməsini təmin etmək idi. Bu baxımdan cənab Prezident tərəfindən vitse-prezidentlik institutunun yaradılması təklifinin ciddi əsasları var idi.

Bu vəzifəyə Mehriban xanım Əliyevanın təyin edilməsi heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimiz və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.

Yüksək səviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri

Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir.

Beş ildir ki, Birinci vitse-prezident vəzifəsində öz fəaliyyətini dövlətə, xalqa xidmət prinsipləri əsasında quran Mehriban xanım Əliyevanın bu dövrdə irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür.

Prezident İlham Əliyevlə birgə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var. Onun siyasi fəaliyyətinin kökündə humanizm dayanır. Mehriban xanım ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, bayramlarda, dövlətimiz üçün əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir.

İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlərlə əbədiyaşar olur, yaddaşlarda qalır, hafizələrdə iz buraxır, adı tarixə qızıl hərflərlə yazılır. Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.

Mehriban xanım da öz fəaliyyəti ilə Azərbaycan qadınının müsbət obrazını yaradıb. O, istər ölkə həyatında, istərsə də beynəlxalq səviyyədə gördüyü nəcib və humanist işlərlə Azərbaycanı bütün dünyada uğurla təmsil edir. Bu xeyirxah əməlləri ilə Azərbaycan qadını adını ucalara qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi uğurlar həm də Azərbaycan qadınının uğurudur. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan qadını UNESCO və ICESCO-nun xoşməramlı səfiridir. Bu gün Azərbaycan qadınının təşəbbüsü ilə müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələr reallaşdırılır, xarici ölkələrdə məktəblər tikilir. Görülən bu işlər xeyirxah və tərəqqipərvər missiyanın bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Bir sözlə, Mehriban xanımın timsalında Azərbaycan qadınının xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsinə şahidlik edirik.

Milyonların ümidi, pənah yeri

Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir.

Bütün imkan və bacarığını insanların yüksək rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Mehriban Əliyeva həm də daim köməyə ehtiyacı olan insanların yanındadır.

İnsanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Hər zaman elm, təhsil, səhiyyə sahələrində misilsiz xidmətlərinə, həmçinin xeyriyyəçilik xüsusiyyətlərinə görə Mehriban xanım Əliyeva xalqımızın qəlbində, yaddaşlarda, qayğıkeş, xoşməramlı məğrur Azərbaycan qadınının obrazını yaradıb. Çünki onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inamı artırıb.

Mehriban xanım Əliyeva bu gün həm də valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anası, böyük dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxs məhz Mehriban Əliyevadır. Bu, bir daha insanların Birinci vitse-prezidentə olan tükənməz sevgisinin, etibarının, inamının göstəricisidir.

Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 18 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir.

Ümumiyyətlə, Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran Ulu Öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hər zaman bu amala sadiqliyini nümayiş etdirir.

Əldə olunan çoxşaxəli uğurlarımızda fondun prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Ümummilli Liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut etmişdir. Məhz fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir.

Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə də töhfəsini verir. Bu münasibət fondun beynəlxalq əməkdaşlığına gözəl imkanlar yaradır. Mədəni irsin qorunması üçün Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını bərpa edib. Mehriban xanım Əliyeva müsahibələrinin birində belə deyir: “Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan Orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir”.

Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələri sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarca uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir, hətta xarici dövlətlərdə belə elmə və təhsilə diqqət göstərir. Belə ki, fondun təşəbbüsü ilə Yəhudi Təhsil Mərkəzi, Fransız Məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib.

Göründüyü kimi, Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb, ümumbəşəri mahiyyəti ilə diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.

Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ümumiyyətlə, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı prioritet təşkil edir. Əminliklə deyə bilərik ki, dövlətimizin bütün dünyada tanıdılmasında, təbliğində Prezident İlham Əliyevin uğurla tətbiq etdiyi idman siyasətinin xüsusi yeri olub. Milli Olimpiya Komitəsinin və onun İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyeva da bu sahədə böyük işlər görüb, idman hərəkatının davamlılığına əvəzsiz töhfələr verib. Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, gimnastika üzrə dünya kuboku yarışlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz onun adı və yüksək təşkilatçılıq keyfiyyətləri ilə bağlıdır. Təbii ki, bu cür beynəlxalq yarışlar ölkəmizə məxsus mədəniyyətin təbliğinə, idman ölkəsi kimi beynəlxalq miqyasda tanınmasına, beləliklə, ölkəmizə böyük turist axınına səbəb olub. Hamıya məlumdur ki, Azərbaycan COVID-19 virusu ilə mübarizədə nümunəvi ölkə olaraq bütün dünya dövlətləri tərəfindən təqdir olundu. Bu barədə hətta beynəlxalq təşkilatların iclaslarında da söz açıldı. Bu sahədə dövlət siyasəti ilə yanaşı, Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanımın xidmətləri danılmazdır. Qlobal pandemiya dövründə fond minlərlə ailəyə yardım etdi, kimsəsizə əl tutdu.

Şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlərin böyük dayağı

Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edib.

Hər il, demək olar, bir neçə dəfə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qəhrəmanlarımızın, igidlərimizin ailələri ilə görüşür, onların problemlərini dinləyir və yerindəcə həllinə nail olmağa çalışır.

Bu gün torpaqları azadlıqda olan keçmiş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən görülən bütün işlərdə Mehriban xanım Əliyevanın əməyi və diqqəti həmişə minnətdarlıqla qarşılanıb.

Hər il doğum gününü məcburi köçkünlərlə keçirən və həmin tədbirdə “Qarabağ şikəstəsini Qarabağda dinləmək” arzusunu ifadə edən Mehriban xanımın və xalqımızın arzusu çin oldu. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəliyi ilə Azərbaycan Ordusu Qarabağı düşmən tapdağından azad etdi və mədəniyyətimizin paytaxtı Şuşa şəhərində ifa edilən Qarabağ şikəstəsi bütün Azərbaycana yayıldı.

Vətən müharibəsi zamanı Mehriban xanım Əliyeva güclü qadın kimi şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara qardaş dedi, hələ də övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara ana dedi, qarşılarında baş əydi. Onun böyüklüyü, əxlaqı, görüb-götürdükləri, ailə dəyərləri böyük ehtiram və məhəbbətlə qarşılanır.

Bu gün işğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin bərpası prosesi davam etdirilir. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Heydər Əliyev Fondu azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə bu torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Şuşada fond tərəfindən bəzi obyektlərdə aparılan bərpa işləri cəmi bir neçə aya başa çatdırılıb. 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada həyata keçirilən layihələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışıdır. Üzeyir bəy Hacıbəylinin Şuşadakı heykəli 1985-ci ildə 100 illik yubileyi münasibətilə ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Fondun dəstəyi ilə Üzeyir bəy Hacıbəylinin bürüncdən hazırlanan heykəli Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb və ötən il avqustun 29-da açılışı olub. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi də Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Şuşa şəhərindəki Xalçaçılıq Qalereyası, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksindəki təmir və bərpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçrilib.

2021-ci il ərzində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə bir sıra mədəniyyət tədbirləri də reallaşıb. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri respublikamızın həyatında böyük mədəniyyət hadisəsinə çevrilməklə yanaşı, xalqımızın Vətən müharibəsindəki Zəfərini, Şuşanın qədim Azərbaycan şəhəri olduğunu dünyaya bəyan etdilər. Həmçinin Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Şuşada “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” və “Yaddaş. Fotoqrafik tarix” sərgiləri də təşkil olunub. Bunlarla yanaşı, “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Ağdamda “Xarıbülbül” beynəlxalq incəsənət festivalı da keçirilib. İlk dəfə keçirilən festivalda 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan nadir əsərlər ərsəyə gətiriblər. Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə işğal altında olan ərazilərdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq auditoriyaya çatdırmaq olub.

Fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri çərçivəsində bu məsələyə toxunan dövlət başçısı dedi ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.

Ən sadiq silahdaş

Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.

Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident

İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır. Bu gün Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.

Mehriban xanım Əliyevanın danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir.

Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.

Təkcə Birinci vitse-prezidentin ötənilki fəaliyyətinə nəzər yetirsək, görərik ki, Mehriban xanım Əliyeva ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına necə böyük töhfələr verib.

Ötən il fevralın 11-də Birinci vitse-prezident ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində keçirilən “Qadınlar və qızlar elmdə” videokonfrans formatında tədbirdə çıxış edib. ICESCO-nu 2021-ci ilin “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsünə görə təbrik edən Mehriban Əliyeva bildirib ki, bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir.

Avqustun 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.

Sentyabrın 24-də Birinci vitse-prezident Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağçaların yenidən qurulması və yeni bağçaların inşası həyata keçirilməkdədir.

Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin indiyədək mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. Ötən ilin sonunda Bakının Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzinin istifadəyə verilməsi autizm spektr pozuntulu uşaqlar üçün əsl hədiyyə oldu. Mərkəzin ötən ilin son günündə keçirilən açılışında Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Göründüyü kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın ötən il həyata keçirdiyi fəaliyyəti həm çoxşaxəli, həm də məhsuldar olub. Bu fəaliyyətin təhlili göstərir ki, görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə – Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.

Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın ötən 5 ildə göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.

Ötən beş ilin yekunları göstərir ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcək.

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti 20.02.2022-ci il