Səttar Möhbalıyev: “Ölkəmiz 2021-ci ili böyük nailiyyətlərlə başa vurub”

789

“Dövlətimizin başçısı cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın son 11 ayda qazandığı iqtisadi uğurlardan bəhs etdi. Görünən odur ki, dünya iqtisadiyyatında hansı formada və səviyyədə böhran baş verməsindən asılı olmayaraq, Azərbaycan iqtisadiyyatı bütün sınaqlara hazırdır və sürətlə inkişaf edir. Bunun bariz nümunəsini biz hələ də tam aradan qalxmayan pandemiya dövründə gördük. Qısa müddətdə bütün dünyanı sosial-iqtisadi böhran bürüdü. Amma görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər sayəsində ölkə iqtisadiyyatı duruş gətirə bildi. Son 11 ayın yekunlarından da aydın görünür ki, bu iqtisadi artım davam edir. Qeyri-neft sektorunda da bu hal müşahidə olunur. Sənaye istehsalında, valyuta ehtiyatlarında ciddi artım var, ixrac imkanları da artır. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini göstərir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, aqrar islahatlar nəticəsində ölkəmizin kənd təsərrüfatı da sürətlə ikişaf edir: “Daxili istehsal dəfələrlə artıb, üzümçülük, pambıqçılıq genişlənir. Fermerlər üçün əlverişli şərait yaradılır. Ərzaq məhsullarının böyük hissəsi ölkəmizdə istehsal olunur. Cənab Prezidentin səsləndirdiyi rəqəmlər də bunu deməyə əsas verir. İşğaldan azad edilmiş ərazilərimizdə də kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı iş aparılır. İnanırıq ki, həmin ərazilərdə aqrar sahədə görülən işlər ölkəmizin iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq”.

“Dövlətimizin başçısı müsahibəsində Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq və quruculuq işlərindən də danışdı. Həmin ərazilərdə genişmiqyaslı proqram icra edilir. Sıfırdan yeni şəhər və kəndlər salınır, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqlarının inşası nəzərdə tutulub, hava limanınları tikilir, 100 kilometrlərlə dəmir yolu, minlərlə kilometr avtomobil yolu çəkilir, habelə digər irihəcmli işlər reallaşdırılır. Qısa müddətdə bu istiqamətdə xeyli işlər görülüb. Bütün bunlar yalnız Azərbaycanın maliyyə resursları hesabına, heç bir kənar dəstək olmadan həyata keçirilir. Aparılan işlərin sürəti də göstərir ki, yaxın zamanlarda bu proses yekunlaşacaq, sakinlər öz ata-baba yurduna qayıdaraq orada əbədi xoşbəxt yaşayacaqlar. Bu istiqamətdə dövlətimiz əlindən gələn hər şeyi edir və buna hamımız şahidik”, – Milli Məclisin deputatı bildirib.

“İşğal altında olan torpağlarımız azad edilərkən Silahlı Qüvvələrimiz Ermənistan Ordusunu məhv etdi. Ordumuzun gücünə bütün dünya şahid oldu, peşəkarcasına, böyük Vətən sevgisi ilə döyüşürdülər. Onların bir amalı var idi: işğal altındakı torpaqları azad etmək. Ordumuz bunu rəşadətlə, böyük qəhrəmanlıq göstərərək yerinə yetirdi. Bu gün dünyanın bir sıra aparıcı hərbi araşdırma mərkəzlərində, həmçinin ali hərbi məktəblərdə Ordumuzun 2-ci Qarabağ müharibəsində sərgilədiyi döyüş taktikası maraqla öyrənilir, əsgərlərimizin döyüş ruhu təqdir olunur, bu barədə hərbi ekspertlər məqalələr dərc etdirib fikirlərini bildirirlər. Həqiqətən də, Ordumuzun qəhrəmanlığı bütün dünyaya səs saldı, tarixi ədaləti, beynəlxalq hüququn pozulmuş prinsiplərini bərpa etdi. Separatizim layiq olduğu cəzanı aldı. Bütün bunlar Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərir. Bu gün Ermənistanda hamıda gülünc doğura biləcək revanşist fikirlər də səslənir. Amma anlamırlar ki, qarşılarında bir müddət öncə onların ordularını məhv etmiş qalib və yenilməz Azərbaycan əsgəri var. Vətən müharibəsindən sonra Ermənistan tərəfindən törədilən bütün hərbi təxribatlara layiqli cavablar verilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də müsahibəsində Ermənistanda olan revaşist düşüncəli insalara tutarlı mesaj göndərdi. Artıq onları hansı aqibət gözləyir hamıya məlumdur. Dövlətimizin başçısının “Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq” fikri məncə onlara bəs edər”, – AHİK sədri fikrini belə tamamlayıb.