Zəfər paradı qələbəmizin təntənəli nümayişi idi

744

“Ötən il dekabrın 10-da keçirilən parad müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Silahlı Qüvvələrimizin müdhiş qələbəsinin  – Zəfərinin təntənəli nümayişi idi. Bütün dünya bir daha Azərbaycanın hərbi qüdrətinə şahid oldu. Peşəkar döyüş qabiliyyətinə malik 3 mindən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin, həmçinin darmadağın edilib düşməndən ələ keçirilmiş hərbi qənimətlərin nümayişi Ordumuzun davamlı olaraq artan gücünü göstərdi. Təbii ki, bu təqdimat qəlbində Vətən sevgisi gəzdirən hər bir azərbaycanlını fərəhləndirdi və qürurlandırdı. Minillik tariximizin hər bir səhifəsini vərəqləsək, görərik ki, müdrik xalqımızın qurub-yaratdığı bütün dövlətlərin güclü ordusu olub. Bu ordular heç vaxt işğalçı olmayıb, həmişə öz dövlətinin, ərazi bütövlüyünün, suverenliyin müdafiəçisi kimi hərəkət edib. Ulu Öndər Heydər Əliyevin misilsiz zəhmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını ləyaqətlə yerinə yetirərək torpaqlarımıza göz dikən, uzun illər işğal siyasəti aparan düşmənin ordusunu və işğal təfəkkürünü məhv etdi”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Zəfər paradında daha bir qürurverici məqam Türkiyənin əsgər və zabitlərinin bizim hərbçilərlə bərabər iştirak etməsi idi: “Vətən müharibəsi başlayan andan türkiyəli qardaşlarımız bizim yanımızda oldular, mənəvi-siyasi dəstək göstərdilər. Bunu qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi. Bu, qardaşlıq nümunəsidir, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” müdrik kəlamlarının təzahürüdür. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etməsi, möhtəşəm çıxışı sözün hər bir mənasında təmənnasız qardaşlığın təntənəsi idi. İnanırıq ki, bu sarsılmaz dostluq və qardaşlıq münasibəti daimi olacaq və gələcək nəsillər tərəfindən də uğurla davam etdiriləcək”.

S.Möhbalıyev qeyd edib ki, Vətən müharibəsi həmçinin Azərbaycanın nizam-intizamlı, məsuliyyətli ölkə olduğunu bir daha göstərdi: “Ermənistan ardı kəsilmədən dinc sakinlərimizi, cəbhədən uzaqda yerləşən şəhər və kəndlərimizi atəşə tuturdu, raket zərbələri endirirdi. Amma Azərbaycan heç bir təxribata getmədi, döyüş meydanında mübarizə apardı, dinc sakinlərə toxunmadı, ölkəmiz tərəfindən müharibə qanunlarına tam əməl olundu, bütün humanitar tələblər yerinə yetirildi”.

Milli Məclisin deputatı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti, yenilməz Ordumuzun gücü və qüdrəti, xalqımızın isə tükənməz və sarsılmaz birliyi möhtəşəm qələbəmizi təmin edən əsas amillərdir: “Vətənə olan sonsuz sevgi, 30 illik torpaq həsrəti məğlubedilməz xalqımızı dəmir yumruğa döndərdi. Hamı qələbəyə köklənmişdi, cəbhədən gələn xəbərləri həyəcanla gözləyirdilər. Çağırışçılarla bərabər könüllülər də cəbhəyə can atırdı, hətta hospitallarda olan yaralı əsgərlərimiz yenidən döyüş meydanına qayıtmağa çalışırdılar. Bu birliyin, istəyin sonu qələbə olmalıydı ki, biz bunu qazandıq. Artıq işğalçı Ermənistan ordusu yox səviyyəsindədir, Azərbaycan Ordusu onu məhv etdi, bəzi qalıqları isə silahı da döyüş meydanında ataraq canlarını götürüb qaçdılar, yeganə çıxış yolunu fərarilikdə gördülər”.