Unudulmaz insan – Lidiya Rəsulova

750

Bu günlərdə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev məktəbinin ən sadiq, nümunəvi və parlaq nümayəndələrindən biri, dövlət xadimi, unudulmaz insan Lidiya Rəsulovanın 80 yaşı tamam olub.

Onun haqqında dostları, həmkarları üçün keçmiş zamanda danışmaq, həqiqətən də, ağırdır. Mənalı həyatını, bacarığını, enerjisini və var qüvvəsini bütövlükdə şərəfli fəaliyyətinə həsr edən mərhum Lidiya xanım çox sadə həyat yaşamasına baxmayaraq, böyük və tükənməz yaradıcılıq potensialına malik idi. O, həmişə Heydər Əliyev məktəbinin şagirdi olması ilə fəxr edir və bundan qürur hissi keçirirdi. Deyirdi ki, «Heydər Əliyev məktəbi öz şagirdlərinə dövləti, xalqı, Vətəni sevməyi aşılayır».

Daim yüksək və məsuliyyətli vəzifələrdə ləyaqətlə çalışmış Lidiya Rəsulovanın 1981-1988-ci illərdəki zəngin və məhsuldar fəaliyyəti Azərbaycan həmkarlar ittifaqları ilə bağlıdır. Bu müddətdə o, Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri kimi daha məsuliyyətli vəzifə daşıyıb. Onun bu vəzifədə işlədiyi illər həmkarlar ittifaqlarının intibah və inkişaf dövrü olub. L.Rəsulova öz işinə çox məsuliyyətlə yanaşaraq vəzifə borcunu vicdanla yerinə yetirib, işçilərin sosial-iqtisadi mənafeyini müdafiə edən, onların problemlərinin həllinə yardımçı olan rəhbər işçi kimi həmkarlar ittifaqlarının tarixində dərin iz qoyub. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Lidiya Rəsulovanın fəaliyyətini çox yüksək qiymətləndirərək onu təcrübəli kadr, yüksək intellektli insan, böyük mənəviyyat sahibi kimi səciyyələndirirdi.

Həmkarlar ittifaqlarının tabeliyində olan sanatoriya-kurort sisteminin genişləndirilməsi, yenidənqurulması da məhz Lidiya xanımın Həmkarlar İttifaqları Şurasına  rəhbərlik etdiyi dövrə təsadüf edir. Onun işçilərin istirahətinin təşkili və sağlamlığının qorunması, əməyin mühafizəsinin yaxşılaşdırılması sahəsində də əvəzsiz və danılmaz zəhməti olub.

Respublikamızın siyasi və sosial həyatının aktiv iştirakçısı olan, bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinə deputat seçilən L.Rəsulovanın əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib, ölkənin yüksək orden və medalları ilə təltif edilib.

Biz L.Rəsulovanın həmkarlar ittifaqındakı fəaliyyətini məktəb adlandıra bilərik: prinsipiallıq və şəffaflıq məktəbi. O, baş verən neqativ hallara qarşı daim barışmaz mövqe tutardı. Onun həmkarlar ittifaqı sistemində apardığı genişmiqyaslı islahatlar təşkilatın nüfuzunun gücləndirilməsində mühüm rol oynayıb. Azərbaycan həmkarlar ittifaqları onun xidmətlərini heç vaxt unutmur, təcrübəsindən bu gün də yararlanır. 2005-ci ildə Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100 illik yubileyi keçirilərkən Lidiya Rəsulova bu məqsədlə təsis olunmuş “Azərbaycan həmkarlar ittifaqlarının 100 illik yubiley” medalı ilə təltif edilib.

Lidiya xanımın mənalı və şərəfli fəaliyyəti bugünkü və gələcək nəsillərə həmişə örnək olacaq, təcrübəsi öyrəniləcək.

Lidiya xanımın əziz xatirəsini ehtiramla yad edir, Uca Yaradandan ona rəhmət diləyirik. Ruhu şad olsun.

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı Səttar Möhbalıyev