Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin və Şurasının iclasları keçirilib

826

Dekabrın 8-də Rusiyanın paytaxtı Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) İcraiyyə Komitəsinin və Şurasının onlayn iclasları keçirilib.

İcraiyyə Komitəsinin gündəliyinə ötən bir il ərzində görülmüş işlərin hesabatı, həmçinin bir sıra təşkilati və cari məsələlər daxil edilib.

Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakovun hesabatı dinlənilib.

Sonra ÜHİK-ə üzv olan həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri mənsub olduqları ölkələrdə sosial-iqtisadi vəziyyət, həmkarlar ittifaqlarının gördüyü işlər, həyata keçirdikləri layihələr barədə ətraflı məlumat veriblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edib.

O, əsasən Azərbaycanda sosial-iqtisadi vəziyyət, pandemiyaya qarşı mübarizə tədbirləri, ölkənin iqtisadi inkişaf göstəriciləri haqqında statistik məlumat verib.

S.Möhbalıyev qeyd edib ki, Azərbaycanda işsizliyin qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilib, bunun nəticəsində işsizliyin səviyyəsi kəskin şəkildə aşağı düşüb.

Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası pandemiya dövründə dövlət tərəfindən irəli sürülən bütün təşəbbüslərə adekvat cavab verib, məşğulluğun dəstəklənməsi və əhalinin gəlir səviyyəsinin qorunması tədbirlərində fəal iştirak edib.

AHİK sədri vurğulayıb ki, pandemiya şəraitində çox çətin problemlərə baxmayaraq, beynəlxalq maliyyə təşkilatları və reytinq agentlikləri də Azərbaycanın yaxın gələcək üçün iqtisadi inkişafı ilə bağlı kifayət qədər müsbət proqnozlar verirlər: “Dünya Bankının ötən il açıqladığı “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yeri tutub. Həmçinin Dünya Bankı Azərbaycanı 10 ən islahatçı ölkə sırasına daxil edib. Bununla yanaşı, Davos İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra sahələr üzrə öncül yerlərdədir. Heritic Fondunun 2020-ci ilin nəticələrinə əsasən elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə Azərbaycan 38-ci pillədə qərarlaşıb”.

AHİK sədri deyib ki, yeni iş yerlərinin yaradılmasına, iş yerlərinin leqallaşdırılmasına, özünüməşğulluğun sürətləndirilməsinə yönəlmiş proqramların icrasında ölkənin həmkarlar ittifaqları bilavasitə iştirak edir, təxirəsalınmaz tədbirlər görülməsi istiqamətində müştərək işlər aparılır.

S.Möhbalıyev əlavə edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətli abadlıq-quruculuq işləri aparılır və Şərqi Zəngəzura və Qarabağa qayıdacaq sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində də müvafiq layihələrin icrası nəzərdə tutulub.

Sonra iclasda gündəliyə çıxarılan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.