Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır

957

“Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin özəyində xalqına, dövlətinə və Vətəninə olan sonsuz sevgi dayanırdı. O, xalqa verdiyi bütün sözlərin, vədlərin mahiyyətini dərindən dərk edirdi. Bu siyasət nəhəngi “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm və bütün fəaliyyətimi Azərbaycanın gələcək inkişafına sərf edəcəyəm” deyərək üzərinə götürdüyü bütün öhdəlikləri özünün müdrikliyi, peşəkarlığ, uzaqgörənliyi ilə müsbət sonluqla şərəflə yerinə yetirirdi. Xalqına etdiyi müraciətlərin bir məqamına məsuliyyətlə yanaşan Ulu Öndər “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri Azərbaycanı bugünkü xoşbəxt gələcəyə daşıdı. Məhz Heydər Əliyev məktəbinin ən ali məzunu bu işlərin öhdəsindən gələ bilərdi. Ölkəmizin bu gün qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, ən əsası regionun liderinə çevrilməsi, dünyada söz sahibi olması Ulu Öndərin illər öncə səsləndirdiyi sözlərin nə qədər uzaqgörənliklə, müdrikcəsinə deyildiyinin bariz nümunəsidir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyev Ulu Öndərin siyasi xəttini şərəflə davam etdirərək xalqının böyük hörmət və ehtiramını qazandı: “O, hər zaman xalq içərsində oldu, paytaxtda və regionlarda sadə vətəndaşlarla səmimi söbətləşərək arzu və istəklərini dinlədi, dar gündə də, xoş gündə də onlarla birlikdə oldu. Xalqın marağından kənar heç bir addım atmadı, bütün müstəvilərdə xalqının mənafeyini ləyaqətlə müdafiə etdi. Qədirbilən Azərbaycan xalqı cənab Prezidentin bu diqqət və qayğısını yüksək dəyərləndirərək hər zaman ona dəstək verdi, birlik nümayiş etdirdi. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqımızın ruhuna hopdu, həmrəyliyimizi daha da möhkəmləndirdi, böyük uğurlarımıza və qələbələrimizə yol açdı”.

“Bu gün hər bir Azərbaycan vətəndaşı böyük fəxarətlə deyə bilər ki, mən siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın tam bərqərar olduğu, bütün sahələrdə inkişafının ən uca zirvəsinə ucalmış ölkədə yaşayıram. Görülən irimiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycanın siyasi, iqtisadi imkanları durmadan genişlənir, beynəlxalq nüfuzu artır. Son illərdə dünyada dəfələrlə dərin iqtisadi və siyasi böhranlar baş verib, amma Prezident İlham Əliyevin düşünülmüş, hərtərəfli təhlil edilmiş, böyük ustalıqla gördüyü qabaqlayıcı tədbirlər sayəsində ya həmin böhranlar Azərbaycan sərhədlərini aşa bilməmiş, ya da ölkəmiz ən az itkilərlə bu vəziyyətdən çıxmağı bacarıb. Yeri gəlmişkən, bütün dünyanı bürümüş, hələ də tam sovuşmamış pandemiya bütün dünyada ağır fəsadlar törətdi, ağır sosial-iqtisadi böhrana gətirib çıxardı, amma dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində bu sınaqdan qalib çıxdıq. Azərbaycanın bu uğuru beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən təqdir olundu və bir nümunəyə çevrildi”.

S.Möhbalıyev xatırladıb ki, cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilərkən xalqa verdiyi ən ali vəd Ermənistan işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması idi: “Cənab Prezident birmənalı şəkildə bəyan etmişdi ki, bizim Ermənistan tərəfinə gedə biləcəyimiz ən böyük güzəşt danışıqlar masasında əyləşib bu məsələni sülh yolu ilə həll etmək olar, bundan başqa hər hansı bir güzəşti bizdən gözləməsinlər, torpağımızın bir qarşını belə heç kimə verməyəcəyik. Dövlətimizin başçısı prosesləri düzgün qiymətləndirərək özünün siyasi potensialı, diplomatik bacarığı ilə Ermənistanın işğalçı hakimiyyətini ifşa etdi, beynəlxalq və regional təşkilatların, dövlətlərin bu istiqamətdə qətnamalər qəbul etməsinə nail oldu. Dünyanın mütərəqqi qüvvələri Ermənistanın apardığı təbliğatın yalan olduğunu, Azərbaycanın ədalətli mövqeyini, əsl həqiqəti anlamağa başladılar. Bu, cənab İlham Əliyevin böyük diplomatik uğuru idi və əldə olunan siyasi nailiyyət müharibənin gedişində Azərbaycana kömək oldu”.

Vətən müharibəsindən danışan Milli Məclisin deputatı vurğulayıb ki, dövlətimizin başçısı böyük sərkərdəlik keyfiyyətləri ilə yenilməz Ordumuzun qüdrəti, xalqımızın sarsılmaz birliyi sayəsində cəmi 44 günə düşmənin dizini yerə qoydu, Ermənistan ordusunu məhv etdilər, sağ qalanları isə fərariliklə, qaçmaqla canlarını qurtardı: “Müharibənin gedişi göstərdi ki, sıravi əsgərdən tutmuş generala qədər hər bir döyüşçümüz qəhrəmandır, onlar şərəfləri ilə Azərbaycanın ən böyük tarixini yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın çoxillik həsrətinə son qoydular. Cənab İlham Əliyev diplomatik və sərkərdəlik məharətilə Azərbaycanın son 300 illik tarixini yenilədi, bu müddət ərzində qələbəyə həsrət qalmış xalqın tarixinə qızıl hərflərlə “Qalib Azərbaycan” ifadəsini həkk etdirərək onu müzəffər etdi. Gələcək nəsillərə isə böyük ibrət, qəhrəmanlıq məktəbi miras qoydu”.

S.Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan möhtəşəm, parlaq və xoşbəxt gələcəyə doğru inamla irəliləyir: “Əminliklə deyə bilərik ki, bizi qarşıda daha yeni-yeni, bol-bol uğurlar və işıqlı gələcək gözləyir. Həmişə olduğu kimi, bundan sonra da müdrik və qədirbilən xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq”.