28 dekabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqında Fövqəladə Hallar Nazirliyində çalışan, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilən “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olan ittifaq üzvləri ilə görüş keçirilib.
Qeyd edək ki, “İlin peşəkar gənci” müsabiqəsi gənclər şuralarının fəaliyyətinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılması, onlara həmkarlar ittifaqı təşkilatları tərəfindən diqqətin artırılması məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis edilib.
Görüşdə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov nazirliyin əməkdaşlarını keçirilən müsabiqədə qalib gəlmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra ittifaq sədri Mehman İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinə toxunaraq qeyd edib ki, “Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu gün cənab Prezident İlham Əliyevin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilib.”