AHİK onun barəsində mətbuatda dərc olunan əsassız iradlara cavab verdi

1228

Təəssüf hissi ilə bildiririk ki, bəzi xəbər saytlarında Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə xələl gətirən, həqiqətdən uzaq, faktlara istinad etməyən qərəz dolu yazlara rast gəlinir. Əlbəttə, Azərbaycan həmkarlar ittifaqları  dəfələrlə bu səpkidə heç bir əsası olmayan yazılara cavab verib və onların hamısı həqiqətdən tamamilə uzaqdır və böhtandır.

Mətbuatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və onun sədrinin ünvanına səslənən əsassız fikirlərə cavab olaraq bildiririk ki, AHİK özünün təməl prinsiplərinə və “Həmkarlar ittifaqları haqqında” qanuna əsaslanaraq əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması və işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəaliyyətini  günün tələbləri səviyyəsində  yerinə yetirir. Təkcə son 3 ildə AHİK-ə müxtəlif mövzularda ümumilikdə 434 107 müraciət daxil olub və bunların 96%-i müsbət həllini tapıb. Bu illər ərzində qanunsuz işdən çıxarılan 410 nəfər işçi həmkarlar ittifaqlarının köməyi ilə yenidən öz işinə bərpa olunub, 1257 nəfərin isə qanuna müvafiq olaraq, işdən çıxarılmasının qarşısı alınıb.  Ümumilikdə statistikaya nəzər yetirsək, görərik ki, həmkarlar ittifaqları yüz minlərlə əmək adamının hüquqlarının müdafiəçisi olmuşdur.

AHİK-in nəzdində fəaliyyət göstərən 8 sanatoriya və bir müalicə pansionatı var. Sanatoriyalardan 6-sı il boyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır. AHİK sədri mütəmadi olaraq KİV nümayəndələrinin iştirakı ilə həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə baş çəkir, şəraitlə yerində tanış olur, müalicə və istirahətlərinin necə təşkil edilməsi ilə maraqlanır.

AHİK-i yollayışların verilməsində ittiham etmək isə bəzi xəbər saytlarının qaydalardan xəbərsiz olduğunu göstərir. Bir daha həmin saytların nəzərinə çatdırırıq ki, hər il həmkarlar ittifaqlarının yüz minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır.  Qeyd edək ki, bu yollayışlar AHİK tərəfindən deyil, iş yerlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitələri tərəfindən ittifaq üzvlərinə verilir. Həmkarlar ittifaqı üzvü yollayışın dəyərinin yalnız 15%-ni ödəyir. İlk həmkarlar ittifaqı tərəfindən ittifaq üzvlərinə verilən hər 10 yollayışdan biri pulsuzdur. Bu məsələdə, yəni yollayışların verilməsində AHİK-in fəaliyyəti yalnız yollayışların sahə həmkarlar ittifaqları arasında rüblər üzrə şəffaf bölgüsünü təmin etməkdən ibarətdir. Əgər kimdəsə konkret neqativ fakt varsa hüquq mühafizə orqanlarına təqdim etsinlər. Onda bizə kömək etmiş olarlar.

Səttar Möhbalıyev 1992-ci ilin dekabrında yeni qurumun – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Naxçıvan Muxtar Respublikası və 26 Sahə həmkarlar ittifaqı birliklərini könüllü olaraq özündə birləşdirən AHİK 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatında layiqincə təmsil olunur. 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, 2004-cü ildən isə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır və bu beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə fəal iştirak edir.

AHİK-in beynəlxalq aləmdə nüfuzu gündən-günə artmaqdadır. Onun bir çox ölkələrlə əməkdaşlığı, qarşılıqlı münasibətləri beynəlxalq həmkarlar ittifaqları hərəkatına böyük töhfələr verir. Ümumhəmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası bizim fəaliyyətimizi digər həmkarlar ittifaqı təşkilatlarına örnək kimi göstərir. Təsadüfi deyildir ki, Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq nüfuzu, həmçinin AHİK sədri Səttar Möhbalıyevin dünya həmkarlar ittifaqları hərəkatının inkişafındakı rolu və xidmətləri nəzərə alınaraq o, 2014-cü ilin may ayında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib.

Həmkarlar ittifaqları üçün ödənilən üzvlük haqqına gəldikdə isə bildiririk ki, toplanan üzvlük haqlarının 88%-i ilk həmkarlar ittifaqı təşkilatlarında və Respublika Komitələrində qalır, 12%-i isə AHİK-ə köçürülür.  Üzvlük haqqının ödəlilməsi, hansı istiqamətdə xərclənməsi barədə dəfələrlə AHİK və onun sədri tərəfindən jurnalistlərə açıqlama verilib. Bir daha bəyan edirik ki, vəsaitin xərclənməsinə həmkarlar ittifaqlarında fəaliyyət göstərən nəzarət-təftiş komissiyaları tərəfindən nəzarət edilir. Eyni zamanda keçirilən iclaslarda, konfranslarda və qurultaylarda vəsaitin hara xərclənməsi barədə hesabatlar verilir. Bu məqsədlə bir hesabatı da diqqətinizə çatdırırıq: 2020-ci il və 2021-ci ilin ilk 9 ayı ərzində AHİK pandemiya və Vətən müharibəsi ilə əlaqədar ümumilikdə 21.933.446 manat vəsait xərcləyib. Belə ki, 44 günlük müharibə dövründə AHİK və onun üzv təşkilatları tərəfindən “Silahlı Qüvvələrə Yardım Fondu”na 1.036.815 manat, “YAŞAT” Fonduna 594.770 manat, “Qarabağ Dirçəliş Fondu”na 600.000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə 1.610.771 manat, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına 150.000 manat vəsait köçürülüb.

Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstəriliməsi məqsədi ilə əmakdaşlığa dair  Memoranduma müvafiq olaraq 200.000 manat vəsait ayrılıb. Bununla da qeyd olunan dövr ərzində 200 minə yaxın vətəndaşlarımıza bu və digər formada maddi yardımlar göstərilib.Bu qəbilədən olan social tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

AHİK və onun üzv təşkilatları tərəfindən həmişə diqqətdə saxlanılan şəhid ailələrinə və qazilərə ümumilikdə 1.915.913 manat maddi yardım göstərilib. 13.735 şəhid ailəsinə və qaziyə birdəfəlik yardım edilib. 164 şəhid ailəsinin 274 övladı himayəyə götürülüb və 18 yaşına kimi hər ay onlara maddi yardım göstəriləcək.

Pandemiya dövründə xüsusi fəallıq göstərən AHİK 114.724 aztəminatlı ailəyə ümumilikdə 4.833.163 manat, 117.203 nəfərə isə ümumilikdə 8.261.340 manat yardım göstərib. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna 632.672 manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 705.000 manat vəsait köçürülüb. İnfeksiyadan qorunmaq üçün 1.593.002 manat  dəyərində 1.568.775 ədəd 10-dan çox müxtəlif adda qoruyucu vasitələr alınaraq işçilər arasında paylanılıb.

AHİK və onun sədrinin fəaliyyətsizliyi ilə bağlı iddiaya gəldikdə isə bəyan edirik ki, üzvlərinin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan qurum 1999-cu ildə qəbul edilmiş Əmək Məcəlləsinin hazırlanması prosesində əmək hüquqları ilə bağlı 120-dən çox təklif irəli sürmüş və onların əksəriyyəti nəzərə alınmışdır. Həmçinin 1993-2003-cü il ərazində AHİK 50-dək normativ aktın hazırlanması və ekspertizadan keçirilməsi prosesində fəal iştirak etmişdir.

Səttar Möhbalıyev deputat kimi də öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlir. Parlamentdə aparılan bütün müzakirələrdə, qanunların qəbul olunmasında fəallıq göstərir, gündəlik müzakirə olunan mövzu üzrə çıxışlar edir, seçicilərlə mütəmadi görüşür, onların qayğıları ilə maraqlanır, istəklərinin reallaşması üçün qanuna müvafiq olaraq, səlahiyyətləri çərçivəsində tədbirlər görür. Bu barədə mətbuatda müntəzəm olaraq informasiyalar da yer alır.

Səttar Möhbalıyevin həm AHİK sədri, həm də millət vəkili kimi fəaliyyətində şəhid ailələrinə, qazilərə, birinci və ikinci Qarabağ müharibəsi veteranlarına diqqət və qayğı xüsusi yer tutur. Yuxarıda təqdim etdiyimiz statistikada, həmçinin mətbuat səhifələrində bu, aydın görünür. Onu da demək yerinə düşər ki, Səttar Möhbalıyevin qardaşı Əhməd Möhbalıyev Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi qəhrəmanlıqlar göstərərək şəhid olub və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bir sözlə, Səttar Möhbalıyev də şəhid ailəsidir.

Xəbərsiz olanlar üçün bir daha bəyan edirik ki, həmkarlar ittifaqları ictimai bir təşkilatdır və təşkilata üzvlük könüllü xarakter daşıyır. Adından göründüyü kimi, AHİK konfederasiyadır və orada birləşən həmkarlar ittifaqı təşkilatları müstəqil fəaliyyət göstərmək hüquqlarını özlərində saxlayırlar. Odur ki, AHİK-in və onun sədrinin üzv təşkilatlara yalnız tövsiyə xarakterli göstərişləri ola bilər.

Bir daha mətbuat nümayəndələrini yazı dərc edərkən fakta söykənməyən, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə, jurnalist etikasına və əxlaq kodeksinə əməl etməyə çağırırıq.