AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda keçirilən tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub

672

Müraciətdə deyilir:

 

Möhtərəm cənab Prezident!

Siz ulu öndər Heydər Əliyevin peşəkar idarəçilik missiyasını, ideya və prinsiplərini uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə çevirmisiniz. Ölkəmizə rəhbərlik etdiyiniz son 18 ildə bütün sahələrdə dinamik inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Bu istiqamətdə ardıcıl islahatlar həyata keçirilməkdədir.

2003-cü ildən ötən dövrdə rəhbərliyinizlə Azərbaycan iqtisadiyyatının dünyada rekord göstərici olaraq 3 dəfədən çox artması şəraitində sosial müdafiə və aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Yoxsulluğun, işsizliyin kəskin şəkildə azaldılmasına nail olunub. Qəbul edilmiş sosial müdafiə və aktiv məşğulluq proqramları insanların rifah halının yaxşılaşdırılmasına yönəldilib.

Cənab Prezident,

Apardığınız uğurlu sosial siyasətin mərkəzində, ilk növbədə, Azərbaycan vətəndaşı dayanır. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığınız ardıcıl və qətiyyətli addımlar, imzaladığınız fərman və sərəncamlar və həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərməkdədir.

Vətəndaşların rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Sizin uğurlu sosial-iqtisadi siyasətinizin əsas istiqamətini təşkil edib. Son 3 il 11 ayda tərəfinizdən qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən sənədlərdir. Bu sənədlərlə həm sosial ödənişlərdə ciddi artımlar olub, həm də sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,56 milyona çatıb. 2018-2021-ci illərdə mühüm sosial islahat paketləri nəticəsində orta aylıq nominal əməkhaqqı məbləğində 40%, minimum pensiyada 82%, əmək pensiyalarının orta məbləğində 60% artım baş verib. Sosial müavinətlərin orta məbləği 2 dəfə artıb. Yeni sosial təminat növləri (müharibə veteranlarına, I dərəcə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə, Vətən müharibəsi qəhrəmanlarına və b.) təsis edilib. Minimum əməkhaqqında təqribən iki dəfə artım olub. Ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib. Bu da layiqli əməkhaqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.

Cənab Prezident!

16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” imzaladığınız  Sərəncamınız sosial ödənişlərdə artım dinamikasının növbəti ildən də davam etməsinə əsas yaradır. Bu artımlar da 2 milyondan çox insanı əhatə edəcək. Yeni sərəncamlara uyğun olaraq minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır, bu artım 800 min işçinin maaşının artması deməkdir. Həmçinin dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırıldı. Hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım bu dövrdə 2,3 dəfə təşkil edib.

Yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində aparılan islahatların uğurla davam etdirilməsini təmin edir. Əlilliyi olan, o cümlədən I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar  və onlara qulluq edənlər, yaşa görə, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları və digərlərinin müavinətləri artırılır. Fərman və sərəncamlar ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbəni əhatə etməklə sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. 2022-ci ilin 1 yanvarından yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. 2019-cu ilin əvvəlində bu müavinət 73 manat idi, ümumilikdə 2,5 dəfə artırılmaqla gələn ilin əvvəlindən 180 manat təşkil edəcək. Bununla da 2022-ci ildə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumunu (176 manat) üstələyəcəkdir.

Azərbaycan güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividentlərin ilk növbədə əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tərəfinizdən ardıcıl addımların atılması ilə də öz təsdiqini tapmaqdadır.

Əminik ki, əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı verdiyiniz fərman və sərəncamlar ölkəmizin bundan sonra da sosial-iqtisadi inkişafına, vətəndaşlarımızın sosial rifah və həyat şəraitinin daha da yaxşılaşdırılmasına, işsizlik səviyyəsinin aşağı düşməsinə, bütün sahələrdə dinamik inkişafa geniş imkanlar açacaq və ölkəmizin iqtisadi qüdrətini daha da möhkəmləndirəcək. Sosial sahəyə daha çox diqqət göstərərək bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirməyi bacaran bir ölkə başçısı kimi Sizi daim dəstəkləyəcəyik.

Möhtərəm cənab Prezident, Sizin daxili və xarici siyasətinizi, həyata keçirdiyiniz iqtisadi islahatları, xalqımızın rifah halının yüksəldilməsini nəzərdə tutan sosial sahədəki fəaliyyətnizi ürəkdən bəyənir, bunu yüksək qiymətləndirir və alqışlayırıq.