AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilib

886

Noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

Öncə tarixi Zəfəri Azərbaycan xalqına yaşadan Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yolundan söz açıb.

Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib: “Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 10-da Ermənistan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atmalı oldu. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı”.

AHİK sədri deyib ki, müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi: “Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Bu sözlər insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Dövlətimizin başçısı hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur, beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı“.

S.Möhbalıyev vurğulayıb ki, qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi və hər bir Azərbaycan vətəndaşını qürurlandırdı”.

Sədr deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub: “Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurub. Artıq bu gün işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq missiyası sürətlə gedir. Yaxın zamanda həmin ərazilərə həyat qayıdacaq və sakinlərimiz öz ata-baba yurdunda əbədi xoşbəxt yaşıyacaqlar. Bir daha Zəfər Günü münasibətilə bütün həmkarlar ittifaqı üzvlərini təbrik edirəm, bayramınız mübarək olsun”.

Mövzu ilə bağlı çıxış edən İcraiyyə Komitəsinin üzvləri Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıqlarından, xalqımızın birliyindən, Azərbaycanın regiona gətirdiyi əhəmiyyətli reallıqlardan bəhs ediblər.

Sonra S.Möhbalıyev  İcraiyyə Komitəsinin iclasının gündəliyinə çıxarılan məsələlər barədə məlumat verib və onların müzakirəsi aparılıb.

“Azərbaycanda əməkhaqqı sahəsində vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri” barədə qərarın qəbulu zamanı AHİK sədri əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal işin aparılması barədə üzv və tabe təşkilatlarına bəzi tövsiyələr verib.

Azərbaycan Televiziyasının 65 illiyi, Radiosunun isə 95 illiyi ilə əlaqədar “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin həmkarlar ittifaqı işində səmərəli əmək fəaliyyətinə görə fərqlənən əməkdaşlarının AHİK-in fəxri fərmanları ilə təltif olunması və onlara birdəfəlik maddi yardım göstərilməsi barədə qərar qəbul olunub.

Həmçinin gündəlikdə duran digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.