AHİK-də Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş tədbir keçirilib

1342

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) “BMT, DİM/2030 Gündəliyi və Könüllü Milli Hesabatın əməkdaşlığında çərçivə sazişləri prosesinə AHİK-in qəbul etdiyi fəaliyyət təcrübəsinin təhlili” mövzusunda vebinar keçirib.

Tədbirdə AHİK-in  rəhbər şəxsləri və məsul əməkdaşları, həmçinin quruma üzv təşkilatların nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən AHİK-in Aparat rəhbəri Həsən Cəfərov mövzunun aktuallığından, aparılmış təhlilin əhəmiyyətindən və nəticələrindən, ölkəmizdə dayanıqlı inkişafın təmin olunması ilə bağlı görülən işlərdən və bu sahədə əldə olunmuş uğurlardan, həmkarlar ittifaqlarının bu istiqamətdə rolundan danışıb.

Tədbirdə məruzə ilə çıxış edən AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov aparılmış təhlilin nəticəsində əldə olunan qənaətdən, dünyada baş verən yeni iqtisadi proseslərdən, texniki tərəqqidən, müasir texnologiyaların iqtisadiyyata təsirindən, ekoloji fəsadlardan, qlobal işsizlikdən, pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirindən və buna qarşı birgə mübarizə imkanlarından danışıb.

Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən N.Hüseynov bildirib ki, bu məsələ Azərbaycanın dövlət siyasətinin ən mühüm tərkib hissələrindən biridir və bu istiqamətdə ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. Həmçinin o, bu sahədə həmkarlar ittifaqlarının rolundan, Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıqdan, görülən işlərdən və birgə layihələrdən söz açıb. Bildirib ki, yoxsulluğa qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə görə, Azərbaycan BMTnin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən xüsusi mükafata layiq görülüb, məşğulluq və əmək bazarı sahəsində əldə etdiyi nailiyyətlərə görə isə BƏT-nin regionlar üzrə diqqət mərkəzində olan ölkə seçilmişdir. Bundan başqa, Azərbaycan BMT-nin 2020-ci il Davamlı İnkişaf Hesabatında Dayanıqlı İnkişaf Məqsədləri İndeksində mümkün 100 baldan 72,6 balla 166 ölkə arasında 54-cü yerdə qərarlaşıb.

Mövzu üzrə çıxış edən BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev təmsil etdiyi qurumla Azərbaycan həmkarlar ittifaqları arasındakı mövcud əlaqələrdən, perspektivlərdən bəhs edib.

Daha sonra çıxış edənlər – BƏT-in nümayəndələri – Qoça Aleksandria,  Dorino Suruceano dayanıqlı inkişafda həmkarlar ittifaqlarının və sosial institutların rolundan, davamlı inkişafın sosial-iqtisadi aspektlərindən, aparılan islahatlardan söz açıblar.