Zabit və əsgərlərimizin xidmətləri dövlət tərəfindən həmişə yüksək qiymətləndirilir

834

“Vətən müharibəsində ilk gündən Azərbaycan Ordusu Füzuli rayonu istiqamətində böyük uğurlar əldə etdi. Ardıcıl olaraq rayonun kəndləri işğaldan azad olunmağa başladı. Baxmayaraq ki, düşmən 30 ilə yaxın müddət ərzində burada xeyli möhkəmlənmişdi, güclü istehkamlar qurmuşdu və “keçilməz” adlandırırdı. Amma Ordumuz bir həmlə ilə həmin müdafiə xəttini yardı və sürətlə irəliləməyə başladı. Təbii ki, bu uğurlar silahlı qüvvələrimizin peşəkarlığını, yenilməzliyini göstərir. İnsanlarımız kəndlərin, hətta bundan da kiçik yaşayış məntəqələrimizin azad olunmasını böyük sevinclə qarşılayırdı. Lakin rayon mərkəzlərinin, şəhərlərin işğaldan azad olunması xalqda xüsusi əhval-ruhiyyə yaradır, bir-birilərini təbrik edirdilər. Cəbrayıldan sonra Füzuli şəhərinin azad olması xalqda qələbəyə olan sarsılmaz inamı daha da artırdı, zəfər yolumuzda növbəti hədəflərimiz üçün son dərəcə önəmli rol oynadı”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Bilirsiniz ki, hər kəndin, qəsəbənin, şəhərin işğaldan azad olunması üçün Ordumuzun fərqli taktikalar olub. Bu zaman həmin məntəqələrin relyefi, iqlimi, düşmənin planları öncədən nəzərə alınıb. Füzuli əməliyyatının unikallığı isə düşmənin gözləmədiyi yerdən, fərqli istiqamətdən Ordumuzun şəhərə daxil olması idi. Artıq hücumun son mərhələsində düşmənin yeganə çıxış yolu silahını da atıb başını götürüb qaçmaq olmuşdu. Bu əməliyyatdan sonra hərbi mütəxəssislər Ordumuzun böyük döyüş qabiliyyətli və texniki təminata malik olduğunu açıq söyləyirdilər. Digər əməliyyatları kimi, bu əməliyyat da hazırda dünyanın aparıcı ali hərbi məktəblərində araşdırılır və öyrənilir. Əsgər və zabitlərimizin bu xidmətləri dövlətimizin diqqətindən kənarda qalmadı. Prezident İlham Əliyevin sərəncamları ilə burada döyüşmüş və şəxsi igidlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu”.

S.Möhbalıyev qeyd edib ki, 17 oktyabr tarixi Füzuli sakinləri ilə yanaşı, bütün xalqımızın yaddaşında daim yaşayacaq, məhz bu gün Vətən həsrətinə son qoyulub, Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqlar sayəsində Füzuli şəhəri işğaldan azad edildi: “Bu gün Füzuli rayonunda sürətli abadlıq-quruculuq işləri aparılır, nəhəng layihələr icra olunur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rayona hər səfərində görülən və görüləcək işlərin təqdimatı zamanı biz buna şahid oluruq. Müharibə başa çatandan bu yana dövlətimizin başçısı dəfələrlə Füzuli rayonunda olub. Oktyabrın 17-də sonuncu səfəri zamanı da cənab Prezident görülən işlərlə tanış oldu, təməlqoyma mərasimlərində iştirak etdi. Füzuli-Ağdam avtomobil yolunun, Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, həmçinin ilk yaşayış binalarının təməllərinin qoyulması görülən işlərin geniş miqyasını və əhəmiyyətini göstərir. İşlərin bu cür sürətli və keyfiyyətli aparılması, həqiqətən də, bizi inandırır ki, sakinlər yaxın vaxtlarda həmin ərazilərdə yenidən məskunlaşacaq, əvvəlki normal həyatlarına davam edəcəklər ”.