Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib

863

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİ RK) 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüş “Əhalinin məşğulluğunun bərpası və artırılması üçün mübarizə” mövzusunda onlayn seminar keçirib.

Seminarda MİHİ RK-nın sədri Cəmilə Səttarova Ümumdünya Layiqli Əmək Gününün yaranma tarixindən, qeyd edilməsi səbəbindən, mahiyyətindən söz açaraq bildirib ki, 7 oktyabr – Dünya Fəaliyyət Günü kimi bütün ölkələrdə həmkarlar ittifaqları birlikləri tərəfindən qeyd edilir: “COVID-19 pandemiyasına baxmayaraq, bu il də işləyən insanların həyat səviyyəsinin yaxşılaşdırılması, iş yerlərində ayrı-seçkiliyə yol verilməməsi, işçilərə yaradılan şərait, texniki təhlükəsizlik qaydaları və sairə mövzulara dair tədbirlər keçirilir, şüarlar səsləndirilir. Azərbaycan dünyanın bir neçə dövlətdən biridir ki, pandemiya ilə mübarizədə gördüyü qabaqlayıcı tədbirlər sayəsində yaranmış vəziyyətdən ən az itki ilə çıxmağı bacarmaqdadır”. Onun sözlərinə görə, postpandemiya dövründə əsas prioritetlərimiz iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdir.

Seminarda çıxış edən MİHİRK-nın əməyin texniki müfəttişi Çingiz İbrahimov bildirib ki, əhalinin sağlamlığını qorumaq məqsədilə işə çıxanların sayının məhdudlaşdırılmasına baxmayaraq, bütün işçilər dövlət tərəfindən tam əməkhaqqı ilə təmin olunub. O bildirib ki, Pandemiya dövrünə baxmayaraq, ittifaq daxilində işəgötürənlər tərəfindən işçilər işdən çıxarılmayıb və ixtisarlar aparılmayıb, işçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsi hər zaman həmkarlar ittifaqlarının diqqət mərkəzindədir.

Daha sonra çıxış edənlər – MİHİ RK-nın əməyin mühafizəsi üzrə etimadlı həkimi Səriyə Quliyeva, Zaqatala Rayon Komitəsinin sədri Sona Qaziyeva, Biləsuvar Rayon Komitəsinin sədri Adil Əhmədov, Sabirabad Rayon Komitəsinin sədri Telman Əzimov, Ağdam Rayon Komitəsinin sədri Cahangir Talıbov, Gəncə Şəhər Komitəsinin sədri Sahib Axundov, Ucar Rayon Komitəsinin sədri Mirqələm Əliyev mövzu ilə bağlı öz fikirlərinin səsləndirib, bu istiqamətdə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs ediblər.