“Ulu Öndər əmək adamlarına, zəhmətkeşlərə həmişə böyük dəyər verirdi”

947

“1993-cü ilin 15 iyun tarixində Azərbaycan xalqının təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev oktyabrın 3-də böyük səs çoxluğu ilə Prezident seçdi. Bununla da ölkə həyatının bütün sahələrində intibah başladı, işıqlı gələcəyimizin əsası qoyuldu. Bugünkü parlaq həyatımızın banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Onun böyük hünəri, cəsarətli addımları, siyasi iradəsi, gərgin zəhməti, yuxusuz gecələri sayəsində Azərbaycan dünya dövlətləri sırasında yeni mövqeyə yüksəldi, söz sahibi oldu. Ulu Öndərin siyasi fəaliyyəti ilə tanış olanda aydın şəkildə görünür ki, o bütün uğurlarımızın yaradıcısı və banisidir. Məhz onun xidmətləri sayəsində ölkədə qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, dövlət çevrilişlərinin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsindən xilas olduq, ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

O, müstəqil Azərbaycan dövlətini yaradıb və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən edib. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, aparıcı dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladı, ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarının da inkişafında Ulu Öndərin xidmətləri danılmazdır: ”Heydər Əliyev 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərliyi dövründə həmkarlar ittifaqlarını daim dəstəkləmiş, dayaq olmuş, müdrik məsləhət və öyüdlərini onlardan əsirgəməmişdir. Xalqa, əmək adamlarına, zəhmətkeşlərə böyük dəyər verən, onlara xidmət etməyi özünün ali vəzifəsi hesab edən Heydər Əliyev həmkarlar ittifaqlarının fəaliyyətini daim diqqətdə saxlayırdı. Məhz Ulu Öndərin respublikaya rəhbərliyi dövründə həmkarlar ittifaqları uzaqlaşdığı təməl prinsiplərinə yenidən qayıtdı, sıraları genişləndi. Əsas diqqət işçilərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının artırılmasına və müdafiəsinə, istirahətlərinin təşkilinə və sağlamlıqlarının qorunması istiqamətində tədbirlərə yönəldildi. İstirahət mərkəzləri və sanatoriyaların sayı artırıldı, yeni uşaq düşərgələri yaradıldı. O, sovet Azərbaycanına rəhbərliyi dövründə həmkarlar ittifaqının 3 qurultayında iştirak edib və geniş nitq söyləyib, fəaliyyətini yüksək qiymətləndirib, həmkarlar ittifaqlarının cəmiyyətin inkişafında xidmətlərindən bəhs edib”.

“Ötən əsrin 90-cı illərinin əvvələrində bütün sahələri bürüyən böhran həmkarlar ittifaqlarının da fəaliyyətinə mənfi təsir etmişdi. İstehsal müəssisələrinin, zavodların, fabriklərin fəaliyyətini dayandırması, işsizliyin artması, o cümlədən ölkənin ictimai-siyasi həyatında hökm sürən gərginlik ən böyük və kütləvi təşkilat olan həmkarlar ittifaqlarının fəaliyyətinin miqyasını və keyfiyyətini aşağı salmış, sosial bazasını zəiflətmişdi. Ölkə rəhbərliyi tərəfindən də bu təsisata laqeyd münasibət vəziyyəti daha da ağırlaşdırırdı. 1993-cü ildə Ulu Öndər ölkə rəhbərliyinə gəldikdən sonra həmkarlar ittifaqları böhrandan çıxmağa başladı, fəaliyyətində köklü dəyişikliklər baş verdi. O, həmkarlar ittifaqlarına daim dövlət qayğısı göstərir, zəhmətkeşlərin hüquqlarının qorunması, maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini dəstəkləyirdi. Prezident seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə onun təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu. Bu, Heydər Əliyevin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlamətdir. Bununla da təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı. Bu gün həmkarlar ittifaqları ictimai təşkilat olaraq dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir”, – Milli Məclisin sədri bildirib.