“Qalib Azərbaycanın regiona gətirdiyi müsbət reallıqlar dəyişməzdir”

994

“Vətən müharibəsi başlayan ilk gündən axıra kimi bütün Türkiyə mətbuatı Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə, həmçinin dünyaya çatdırılması üçün xüsusi fədakarlıqlar nümayiş etdirdi. Bu ölkənin aparıcı media mənsubları mütəmadi olaraq cəbhə bölgəsindən, Azərbaycan Ordusunun uğurlarından, ölkə vətəndaşlarının vətənpərvərliyindən, ermənilərin Azərbaycanın dinc sakinlərini hədəf almasından, törətdiyi hərbi cinayətlərdən reportajlar hazırlayır, dəqiq və qərəzsiz informasiya çatdırırdılar. Müharibədən sonra da Şərqi Zəngəzurda və Qarabağda işğal vaxtı ermənilərin vandal əməllərindən və işğaldan sonra Azərbaycanın bu ərazilərdə apardığı bərpa-quruculuq işlərindən məlumatlar dərc edirdilər. Həmçinin Türkiyə ictimaiyyəti həmişə olduğu kimi, müharibə dönəmində də bizə mənəvi dəstək oldu, dualarını əskik etmədilər, müharibənin gedişini həyəcanla izləyirdilər, hər bir uğurumuzun sevincini yaşayırdılar. Bu, ayrılmaz tarixi birlik və qardaşlığın sonsuz nümunəsidir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin geniş izləyici auditoriyasına malik Türkiyənin nüfuzlu Anadolu Agentliyinə verdiyi müsahibə maraqla qarşılandı, Vətən müharibəsindən öncə Ermənistan dövlətinin yeni ərazilər işğal etmək planlarını, bu məqsədlə törədilən uğursuz hərbi təxribatları, hakimiyyətə gəlmiş yeni siyasi qüvvələrin xəyal etdikləri hərbi uğurlarla öyünmək niyyətlərini açıb göstərdi: “Görünür, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bir amal var: işğalçılıq və təcavüzkarlıq. Ölkə rəhbərliyi xalqına verdiyi vədləri, götürdüyü öhdəlikləri yerinə yetirmək qabiliyyətində olmadığı üçün belə uğursuz və biabırçı məğlubiyyətlə nəticələnən əmələ əl atdı. Bu da onları layiq olduqları rəzalətə çevirdi. Müharibəyə gətirib çıxaran səbəblər bir daha göstərir ki, bu işğalçı dövlətin heç bir sülh niyyəti olmayıb. Anlamırdılar ki, bu işğalın sonu bir gün gələcək, artıq onların qarşısında günü-gündən sürətlə inkişaf edən, iqtisadi göstəriciləri durmadan artan, Ordusu bütün əlamətlərinə görə bu ölkənin ordusunu üstələyən güclü bir Azərbaycan var”.

“Prezident İlham Əliyev işğalın uzun müddət davam etməsində, sülh yolu ilə həllini tapmamasında beynəlxalq vasitəçilərin də məsuliyyətli olduğunu qeyd etdi. Təbii ki, hər şey aydın idi, Azərbaycan torpaqları işğal olunmuşdu, azərbaycanlılar öz yurdlarından qovulmuşdu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri də ortada idi və bütün dünya bunu görürdü. Münaqişənin həllinin bir yolu var idi: Ermənistan ordusunun işğal etdikləri ərazilərdən çıxması. Vasitəçilər isə ikili mövqedən çıxış edərək təcavüzkara heç bir təzyiq göstərmədilər, sanksiya tətbiq olunmadı, cəzasızlıq Ermənistanı daha da azğınlaşdırdı və müharibəni qaçılmaz etdi”, – Milli Məclisin deputatı bildirib.

“Dövlət başçımızın dediyi kimi, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmağda maraqlı olmalıdır və bunun üçün səy göstərməlidir. Qalib Azərbaycanın regiona gətirdiyi müsbət reallıqlar dəyşməzdir və bütün bölgənin xoşbəxt gləcəyinə tam təminat verir. Ermənistanın dövlət kimi mövcudluğunun yeganə çıxış yolu isə yaranmış vəziyyətlə barışmaq və qonşularına olan məkirli siyasətindən əl çəkməkdir. Azərbaycanın sülhsevər mövqeyi ortadadır, cənab Prezident bunu həmişə bəyan edir. Dövlət başçımız həmçinin Ermənistanda faşizmin yenidən baş qaldıraraq təxribat törədəcəyi təqdirdə məhv ediləcəyini də həmişə xatırladır. Təbii ki, bu, Azərbaycanın legitim hüququdur. Ermənistan cəmiyyəti də anlamalıdır ki, düşdükləri bu rəzil durumun səbəbi faşizmdir və bu niyyətdən çəkinməlidirlər”, – S.Möhbalıyev qeyd edib.