“Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmağa arqumenti qalmayıb”

895

“Prezident İlham Əliyev “France-24” televiziya kanalına müsahibəsində bir daha Azərbaycanın sülh və regionun inkişafı naminə danışıqlara hazır olduğunu bildirdi. Bu, Azərbaycan tərəfindən Ermənistan üçün mühüm bir çağırışdır. Ermənistanın bunu başa düşməsi və dəyərləndirməsi onlar üçün çox vacib çıxış yoludur. Uzun illər aparılan danışıqlar da, cənab Prezidentin mövqeyi də, Vətən müharibəsi də göstərdi ki, Azərbaycan torpaqlarının bir qarışını belə heç kimə güzəştə getməyəcək. Onların işğal siyasətini müzəffər Ali Baş Komandan başda olmaqla qüdrətli Azərbaycan Ordusu tarixə qovuşdurdu. Bundan sonra artıq onlar nə gözləyirlər!? Ordu məhv edilib, qalanları Azərbaycan əsgərinin əlindən qaçmaqla canlarını qurtarıb. Özlərinin də etiraf etdiyi kimi, bu ölkənin “məğlubedilməz” adlandırdığı ordusunun 10 mindən artıq fərarisi olub. Diplomatiya sahəsində də onları heç bir uğur gözləmir. İşğal altında saxladıqları ərazilər azad edildikdən sonra bütün dünya onların vandal siyasətinə şahid oldu. Dünyanın aparıcı KİV nümayəndələri bu ərazilərə səfərləri zamanı rastaşlıqları mənzərədən təəccüblənmiş və ermənilərin vəhşi əməlləri barədə məlumatları paylaşmışlar. Artıq beynəlxalq aləmi aldatmağa arqumentləri də qalmayıb. Bölgədə Azərbaycanın diktə etdiyi vəziyyət bərqərar olub və bu, dəyişməyəcək. Ermənistan tərəfinin isə bir yolu qalır: beynəlxalq səviyyədə qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü tanımaq”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Cənab Prezident müsahibəsində münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanatın yersiz və təhlükəli olduğunu qeyd etdi. Çünki Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi və münaqişə mövcud deyil. İşğal altında olan Şərqi Zəngəzur və Qarabağ işğaldan azad olunub. Status məsələsindən də söhbət belə gedə bilməz. Cənab Prezident bu barədə Azərbaycanın mövqeyini açıq şəkildə bəyan edib. Yaranmış bu reallığı qəbul etməmək, buna əks bəyanatlar səsləndirmək, təbii ki, təhlükəlidir və heç nə vəd etmir”, – deyən AHİK sədri bildirib ki, Fransa Vətən müharibəsinin gedişində vasitəçi kimi ədalətli mövqe nümayiş etdirmədi: “Müsahibəsində dövlət başçımız da bu məsələyə toxundu. Fransa Minski qrupunun həmsədridir, uzun müddət münaqişənin həlli istiqamətində məsuliyyətli ölkə olub. Bu məsələdə neytrallıq göstərmək əvəzinə, müharibə zamanı tərəf nümayiş etdirərək Ermənistanın ədalətsiz mövqeyini müdafiə etməsi beynəlxalq hüquqla bir araya sığmır. Həmçinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri də ortadadır, hansı ki, Fransa da bu qətnamələrin qəbul olunmasında iştirak edib”.

“Bu gün bəzi beynəlxalq QHT-lər Azərbaycan sərhədini pozaraq cinayətlər törətmiş erməniləri hərbi əsir hesab etməklə qərəz nümayiş etdirirlər. Görünür, bu kimi QHT-lər beynəlxalq hüquqdan və konvesiyalardan xəbərsizdir. Noyabr Bəyannaməsi imzalandıqdan sonra məqsədli şəkildə Azərbaycan ərazisinə cinayətlər törətmək üçün ötürülmüş həmin şəxslər 4 hərbçimizi qətlə yetirmişlər. Onlar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həbs ediliblər və qatildirlər. Amma biz işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin Ermənistan tərəfindən tam şəkildə təqdim olunmaması ilə bağlı beynəlxalq səsi eşitmirik. Mina partlaması nəticəsində müharibə başa çatandan sonra da xeyli vətəndaşımız həlak olub və yaralanıb. Bu da növbəti təxribat və vəhşilkidir”, – Milli Məclisin deputatı deyib.