Növbəti şəhid övladı himayəyə götürülüb

1046

Vətən müharibəsi şəhidi Nurlan Rəfail oğlu Zeynalovun qızı Nuray Nurlan qızı Zeynallı Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən himayəyə götürülüb. Azərbaycan Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə şəhidin ailəsinin sosial müdafiəsinin gücləndirilməsi üçün Nuray Zeynallıya 18 yaşına çatanadək hər ay 200 manat pul vəsaiti ayrılacaq.

Bununla da Azərbaycan həmkarlar ittifaqları tərəfindən himayəyə götürülən şəhid övladlarının sayı 270-ə çatıb (162 şəhidin 270 övladı).

Bundan başqa, Azərbaycan Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş Müdafiə Sənayesi Nazirliyinin 3 nəfər əməkdaşının hər birinin ailəsinə 1 000 manat və 300 manat məbləğində maddi köməklik göstərilib.

Qeyd edək ki, 1989-cu ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olmuş Nurlan Zeynalov Milli Aerokosmik Agentliyi Ekologiya İnstitunun əməkdaşı olub. O, ehtiyatda olan zabit kimi Vətən Müharibəsinə könüllü qatılıb. Tağım komandiri olan N.Zeynalov Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində böyük döyüş yolu keçib. 2020-ci ilin 9 noyabrında Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən Uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.