Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı 27 sentyabr – Anım Günü ilə bağlı tədbirlər keçirib

646

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı işğaldan azad olunmuş ərazilərdə – Şuşa, Füzuli, Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocavənd və Qubadlı rayonlarında və Suqovuşan ərazisində yerləşən FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin hissələrində 27 sentyabr – Anım Günü ilə bağlı tədbirlər keçirib.

Tədbirlərdə, əvvəlcə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ordumuzun böyük şücaəti və misilsiz qəhrəmanlığı sayəsində qazanılmış parlaq qələbə münasibətilə hər kəsi təbrik edərək, bu qələbənin əldə olunması yolunda ölkə başçısının həyata keçirdiyi uzaqgörən siyasətdən bəhs edib. M.İsmayılov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, 27 sentyabr tarixi – bu şərəfli gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il ölkəmizdə Anım Günü kimi qeyd ediləcək.

Mehman İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf stategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin ildən-ilə gücləndiyini, dövlətimizin iqtisadi və hərbi qüdrətinin durmadan yüksəldiyini, beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb. Qeyd edib ki, bütün bunlar və xalqımızın milli həmrəyliyi nəticəsində cəmi 44 gün ərzində erməni işğalçıları torpaqlarımızdan qovuldu və ərazi bütövlüyümüz təmin olundu. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Azərbaycan Prezidentinin qətiyyəti, düşünülmüş siyasəti və Ordumuzun qəhrəmanlıq əzmi sayəsində azad edildiyini xatırladan natiq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qəhrəman əsgər və zabitlərinin xalqımızın yeni qəhrəmanlıq salnaməsini yaratdığını qeyd edib.

Natiq Vətən müharibəsi dövründə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəaliyyətinə toxunaraq vurğulayıb ki, FHN-in strukturları Ali Baş Komandanın əmrini şərəflə icra etməklə qələbənin qazanılmasına öz töhfələrini verərək, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər.

Mehman İsmayılov çıxışlarında azad olunmuş ərazilərdə mümkün yanğınların qarşısının alınmasında həmin ərazilərdə xidmət edən əməkdaşların şərəfli və məsul vəzifə daşıdıqlarını qeyd edərək, onlara göstərdikləri fədakarlıqlara görə öz təşəkkürünü bildirib.

Görüşlər zamanı hər bir hissəyə FHN işçilərinin Həmkarlar İttifaqının hədiyyə və sovqatları təqdim edilib.