Oktyabrın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev iclasın gündəliyinə maliyyə vəsaitinin ayrılması barədə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun müraciətləri, həmçinin 2022-ci ildə AHİK-in üzv təşkilatlarında hesabat-seçki kampaniyası, AHİK-in Məclisinin tərkibində qismən dəyişikliklər edilməsi və digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.
S.Möhbalıyev gündəlikdə duran məsələlərin müzakirəsinə keçməmişdən əvvəl günümüzün aktual məsələləri barədə danışıb. Deyib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı böyük rəşadət göstərərək azad etməsindən, uğurlu hərbi əməliyyatlardan, xalqımızın Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsindən, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından bəhs edib. S.Möhbalıyev bildirib ki, bu gün işğaldan azad olunan Şərqi Zəngəzurda və Qarabağda sürətli abadlıq-quqruculuq işləri aparılır və inanırıq ki, yaxın zamanlarda sakinlər öz doğma yurdlarına qayıdacaqlar. Onun sözlərinə görə, şəhid ailələri, qazilər, müharibə iştirakçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunur və hər birimizin borcudur ki, onları həmişə diqqətdə saxlayaq, problemləri ilə maraqlanaq, lazım olan köməyi onlardan əsirgəməyək.
Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə 25-ə yaxın şəhid ailəsinin iştirak etdiyi “Şəhid ailələrinin II maarifləndirici-tur aksiyası”nın davam etdirilməsi üçün 1 000 manat pul vəsaitinin köçürülməsi barədə qərar qəbul edilib.
Azərbaycan Diasporuna Dəstək Fondunun müraciəti əsasında müzakirələr aparılıb. Birdilib ki, ölkədə əldə olunan nailiyyətlərin dünyaya çatdırılması, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərinin qorunması, xaricdə işləyən azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, soydaşlarımızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həlli və bu sahədə sosial layihələrin reallaşdırılması istiqamətində Azərbaycan Diasporuna Dəstək Fondu mühüm işlər görür. Qeyd olunub ki, Fond Vətən müharibəsi nəticəsində şəhid ailələri və qazilərin sosial müdafiəsinə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə “Yaşat” Fondu ilə birgə Yaşat Marafonu adlı kampaniya da keçirib, şəhid və qazilərimizə maddi dəstək göstərib. Gələcəkdə fondun fəaliyyətinin daha da uğurla davam etdirilməsi, səmərəliliyinin artırılması və genişləndirilməsi məqsədilə İcraiyyə Komitəsi Fondun hesabına 30 000 manat pul vəsaitinin köçürülməsi barədə qərar qəbul edib.
AHİK-in Məclisinin tərkibində qismən dəyişikliklər edilməsi, həmkarlar ittifaqı təşkilatlarının bütün sahələrində COVID-19 infeksiyasının yaratdığı mövcud şəraitlə əlaqədar olaraq, hesabat-seçki yığıncaqlarının təxirə salınması və digər müzakirəyə çıxarılan məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
Sonda AHİK sədri əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal işin aparılması barədə üzv və tabe təşkilatlarına müvafiq tövsiyələr verib.