Səttar Möhbalıyev: “Qafqaz İslam Ordusu gələcək nəsillərdə işğala qarşı mübarizə ruhu formalaşdırdı”

1180

“Sentyabrın 15-i tarixinin Azərbaycanın həyatında müstəsna əhəmiyyəti var. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında idi. Bu səbəbdən milli hökumət Gəncədə yerləşmişdi. Bakısız Azərbaycan isə başsız bədənə bənzəyirdi. Təbii ki, işğalla barışmamaq xalqımızın xarakterinin əsasını təşkil edir. Milli ordusu tam formalaşmamış Azərbaycanın köməyinə həmişə olduğu kimi, qardaş türklər yetişdi. Nuru Paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı şəhərini  bölşevik-daşnak qüvvələrindən azad etdi. Bu, Azərbaycan tarixində möhtəşəm qələbə idi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin ən böyük uğuru, həm də türk birliyinin təntənəsi idi”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Qafqaz İslam Ordusu bu qələbəyə yetişmək üçün şəhidlər verdi, işğalçıları məhv etdi, gələcək nəsillərdə işğalçılara qarşı mübarizə ruhu formalaşdırdı, türk birliyinin nümunəsini ortaya qoydu, birliyi sözdə yox, əməldə göstərdi. Bakının azad olunması uğrunda gedən döyüşlərdə Osmanlı ordusu 1130 şəhid verdi, ümumilikdə isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid verib. İstər Balkan müharibəsində, istərsə də Çanaqqalada Azərbaycandan gedən igidlər türk qardaşları ilə birgə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblar. Baş vermiş hadisələrə baxanda görürük ki, mübarizəmiz təcavüzə, işğala qarşı olub, həmişə Vətənimiz, müstəqilliyimiz, suverenliyimiz uğrunda döyüşmüşük və zəngin tariximiz düşmən üzərində çaldığımız möhtəşəm qələbələrlə gələcək nəsillərə ötürülüb”, – AHİK sədri bildirib.

Onun sözlərinə görə, 70 il ərzində bu tarixi bizə unutdurmağa çalışdılar, amma bacarmadılar: “Xalqımız bu qələbənin sevincini uzun illər qəlbində yaşatdı, saxta tarixə aldanmadı. Yenidən müstəqillik qazandıqdan sonra isə dövlətimiz 15 sentyabr tarixinin yüksək qiymətini verdi, Qafqaz İslam Ordusunun şərəfinə 1999-cu ildə Bakının ən uca yerində – Şəhidlər xiyabanında abidə ucaldıldı. Hər ilin 15 sentyabrında insanlarımız həmin abidəni ziyarət edir, Bakının azad olunması uğrunda canından keçmiş qəhrəman babalarımızın ruhuna dualar oxuyur, onları böyük ehtiramla yad edirlər”.

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Zəfərə qovuşduğumuz 44 günlük Vətən müharibəsində də qardaş Türkiyə mənəvi-siyasi baxımdan həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə yanımızda oldu, tarixi ənənələrə sadiq qalaraq qələbə çalmağımızda mühüm rol oynadı. Müharibə başlanan gündən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı və açıq dəstək ifadə edərək bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri susdurdu. 2021-ci ilin 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik”, – S.Möhbalıyev qeyd edib.

AHİK sədri Qafqaz İslam Ordusunun şanlı qələbəsinin Azərbaycan tarixində əbədi qalacağına, Vətən müharibəsi ilə yanaşı, gələcək nəsillərə örnək olacağına əminliyini ifadə edib. O, bir daha Azərbaycanın ərazi bütövlüyü uğrunda şirin canından keçən bütün şəhidlərə uca yaradandan rəhmət diləyib.