“Prezident İlham Əliyev BMT-dəki çıxışında Azərbaycanın dünya üçün əhəmiyyətli ölkə olduğunu göstərdi”

870

“Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında qalib ölkənin müzəffər rəhbəri olaraq çıxış etdi və bütün dünyaya beynəlxalq aləmdə Azərbaycanın yerini və rolunu göstərdi. Çıxışda Azərbaycanın həm region, həm də bütün dünya üçün nə qədər əhəmiyyətli ölkə olduğu aydın görünürdü. Pandemiya şəraiti bütün dünya ölkələri üçün bir sınaq oldu. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektli və bütün ölkələrə nümunə olacaq tədbirlər sayəsində bu sınaqdan üzüağ çıxdı. Heç də təsadüfü deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Belə ki, cənab Prezidentin dediyi kimi, Azərbaycan hökuməti ilk gündən əhalinin sağlamlığının qorunması və pandemiyanın mənfi təsirlərinin minimuma endirilməsi üçün mühüm və praktiki tədbirlər həyata keçirir. Ölkəmiz peyvəndləmə kampaniyasına başlayan ilk ölkələrdən biri oldu, vacib məqam isə vaksinasiyanın Azərbaycanda pulsuz həyata keçirilməsidir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, dövlət başçımız peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı narazılığını dəfələrlə bildirib, ədalətli bölgünün təşəbbüskarı kimi çıxış edib və yaranmış qeyri-bərabərliklə bağlı narahatlığını ifadə edib: “Ümumiyyətlə, ÜST-yə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı göstərilməsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı, həmçinin dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilməsi, bundan əlavə, Qoşulmama Hərəkatının sədri kimi bu mövzuda bir sıra beynəlxalq təşəbbüslərin irəli sürülməsi Azərbaycanın və onun rəhbərinin beynəlxalq miqyasda humanist və ədalətli mövqeyinin təzahürüdür”.

S.Möhbalıyev bildirib ki, dövlət başçımız ölkəmizin Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirakını, bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini qeyd etməklə Azərbaycanın strateji mövqeyini və qlobal əhəmiyyətini bir daha ortaya qoydu. AHİK sədrinin sözlərinə görə, 2021-ci ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft sənayesinin 18,4 faiz artması iqtisadi qüdrətimizin göstəricisidir: “Həmçinin xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycanın son illərdə elektrik enerjisinin ixracatçısına çevrilməsi, dörd qonşu ölkəyə elektrik enerjisi ixrac etməsi dediklərimizin təsdiqidir”.

Dövlət başçımız BMT Baş Assambleyasının sessiyasında Ermənistanın qəbul olunmuş beynəlxalq qətnamə və qərarlara məhəl qoymadığını, 30 il işğal siyasəti yürüdərək Azərbaycan torpaqlarını talan etməsini xatırladaraq bu dövlətin mahiyyətinə və təcavüzkar mövqeyinə diqqət çəkdi: “Demək olar ki, bütün dünya Azərbaycan və onun Prezidenti cənab İlham Əliyevin münaqişənin sülh yolu ilə həllinə sadiqliyinin şahidi oldu, lakin Ermənistan tərəfi mütəmadi təxribatlar törədərək işğalın ömrünü uzatmağa çalışır, danışıqları əngəlləyəcək sərsəm bəyanatlarla çıxış edirdilər. Azərbaycan ərazilərindən çıxmaq əvəzinə, yeni ərazilər işğal etmək iştahına düşən Ermənistan dövləti hərbi müdaxiləyə əl atdı. Azərbaycan bu təxribatın qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başladı, Ermənistan tərəfindən məhəl qoyulmayan BMT-nin məlum 4 qətnaməsinin icrasını təkbaşına, heç bir kömək olmadan təmin etdi. Müharibənin gedişində Azərbaycan Ordusunun davranışları, Ermənistan ordusundan fərqli olaraq dinc əhaliyə toxunulmaması, hərbi əsrlərə münasibət, bir sözlə, müharibə qanunlarına tam əməl olunması ölkəmizin beynəlxalq hüquqa sadiqliyinin əlamətidir. Ermənistan isə danışıqlar prosesində olduğu kimi, müharibə vaxtında da müxtəlif təxribatlara əl atdı, dinc əhalini hədəfə çevirdi, gecə vaxtı cəbhədən xeyli uzaqda yerləşən şəhərlərimizə qadağan olunmuş raket zərbələri endirdi. Ermənistan dövlətinin bu tipli cinayətlərinə, ikili standartlardan çıxış edən dünya dövlətlərinin yanaşmalarına baxmayaraq, suveren hüqlarımızı tam bərpa etdik, bu, bizim haqqımız idi, tarixi ədalətin zəfəri idi”.

“Dövlət başçımız Dağlıq Qarabağ adlı münaqişənin keçmişdə qaldığını, ümumiyyətlə, artıq bu adda inzibati ərazi vahidinin mövcud olmadığını qeyd etməklə Azərbaycanın yaratdığı yeni reallıqlarla dünya dövlətlərini tanış etdi və ərazilərimizə istinad edilərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməsinin vacibliyini vurğuladı”, – S.Möhbalıyev əlavə edib.