Metropolitençi ailələrin yüksək bal toplayan övladları mükafatlandırıldı

868

Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) 2015-ci ildən başlayaraq, metropolitençi övladlarının təhsilə marağını artırmaq və həvəsləndirmək məqsədilə 600 və daha çox bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə birdəfəlik mükafat (təqaüd) verilməsini təşkil edir.

Belə ki, bu məsələ 2015-ci ilin əvvəlində MİHİ-nin İK-nin iclaslarının birində müzakirə olunmuş və perspektiv iş planına salınmışdır. Bununla da hər il respublikanın ali məktəblərinə qəbul imtahanları keçirildikdən sonra qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, namizədlər müəyyən edilir və sentyabr ayında yeni dərs ilinin ərəfəsində  onların təntənəli şəkildə mükafatlandırılması həyata keçirilir.

Hər il olduğu kimi bu il də MİHİ metropolitençi ailələrinin yüksək balla ali məktəblərə daxil olan övladları ilə “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzində görüş keçirdi. Görüşdə tələbə adını qazananların valideynləri də iştirak edirdilər. Bu il metropolitençi ailələrindən 7 gənc yüksək nəticə əldə edərək ölkənin müxtəlif ali məktəblərinin tələbə biletini alacaqlar. Onlardan 6 nəfəri 600-dən çox bal toplayaraq, 1 nəfəri isə respublika üzrə fənn olimpiadasında bürünc medal qazanması nəticəsində müsabiqədənkənar tələbə adını qazanmışdır.

Görüşdə çıxış edən MİHİ-nin  Sədri Arif Mərdanov tədbir iştrakçılarını salamladıqdan sonra, ali məktəb auditoruyalarına ilk dəfə daxil olacaq gəncləri bütün metropolitençilər adından təbrik etdi. Arif Mərdanov tələbə adını qazanmış gənclərə müraciət edərək bildirdi ki: “Ümid edirəm ali təhsilinizi başa vurduqdan sonra yüksək ixtisaslı mütəxəssis kimi ölkəmizin çiçəklənməsinə töhfələr verəcəksiniz. Bu sizin Vətən qarşısındakı borcunuz olacaq.”

Daha sonra MİHİ-nin  Sədri Arif Mərdanov yüksək nəticə əldə edərək, tələbə adını qazanmış gənclərə təşkilatın mükafatlarını təqdim etdi.

Tədbirdə çıxış edənlər AHİK-in və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirdilər.