Səttar Möhbalıyev: “Jirinovskinin çıxışı ermənipərəst qüvvələrin təhriki ilə hazırlanmış daha bir təxribat cəhdidir”

825

“Jirinovskinin Rusiya siyasi səhnəsinə çıxdığı ilk gündən burada ekstravaqant “Ledi Qaqa” obrazını canlandırdığı heç kim üçün sirr deyil. Milli azlıqlara qarşı təhqiramiz fikir səsləndirmələr, keçmiş rus imperiyasının sərhədlərinə qayıtmaq və yaxud da SSRİ-ni bərpa etmək kimi absurd ideyalar irəli sürmək, iştirak etdiyi teledebatların gedişində heç bir arqumenti qalmadıqda oponentinin üstünə şirə tökmək kimi tərbiyəsizliyin nümayişi… Bütün bunlar siyasi arenada indiyədək heç bir nüfuz qazana bilməmiş, heç bir çəkiyə malik olmayan bu miskin siyasətçinin özünü təsdiqləmək, gündəmdə qalmaq üçün əl atdığı fəndlərdir. Bir tərəfdən də antitürk əhval-ruhiyyəsinin aşkaranə nümayişi Jirinovskinin davamlı olaraq erməni pərəstişkarları tərəfindən yemləndirilməsi üçün zəruri şərtdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili bildirib ki, Rusiya Dövlət Dumasının deputatı V.Jirinovskinin Azərbaycanı təhdid edən son çıxışı ölkələrimiz arasında münasibətlərin korlanmasını arzulayan ermənilərin və ermənipərəst qüvvələrin növbəti sifarişləri əsasında hazırlanmış daha bir təxribat cəhdidir: “Əlbəttə, əgər bu fikirlər Jirinovski tərəfindən yox, hansısa bir ciddi siyasətçi tərəfindən səsləndirilsəydi bu zaman hadisələrin arzuolunmaz məcrada inkişafını ehtimal etmək olardı. Lakin dediyim kimi, bu Jirinovskidir. Vovka Jirinovski. Həmin Jirinovskidir ki, hansı ki, hələ ötən il Ermənistanı Azərbaycanın haqlı qəzəbindən qurtarmaq üçün bu ölkəni Rusiyaya birləşdirməyi təklif edirdi. Onu necə ciddiyə almaq olar? Bu gün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə bir çox dostlarımızın sevincinə səbəb olduğu kimi, bir çox düşmənlərimizi də gecələr yuxusuz qoyub. Buna görə də kimsə bu möhtəşəm Qələbənin tarixi əhəmiyyətini azaltmağa çalışır, kimsə də bu Qələbəyə özünü şərik etmək istəyir. Elə Jirinovski də öz ədəbsiz və məntiqsiz çıxışında Azərbaycanın Qələbəsinə guya Rusiyanın “razılıq verdiyinə” eyham vurur. Yaxşı, əgər razılıq vardısa, o zaman Ermənistanın hərbi əməliyyatlar ərəfəsində silahlandırılmasını necə başa düşək? Yox, cənab Jirinovski, bu gün artıq Azərbaycana öz haqqını almaq üçün heç kimin nə razılığı, nə də icazəsi lazım deyil. Bundan sonra da lazım olmayacaq. Azərbaycan kifayət qədər güclü dövlət olduğunu və hər an istənilən xarici müdaxilənin qarşısını dərhal və qətiyyətlə ala biləcəyini artıq bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını işğaldan azad etdi və əgər Ermənistan məlum üçtərəfli 10 noyabr bəyannaməsinin bircə bəndinə belə əməl etməkdən boyun qaçırmağa cəhd göstərərsə bu zaman Dəmir yumruq yenidən onun başını əzər. Hər kəs də əmin olsun ki, heç bir qüvvə, xüsusilə də Jirinovskinin tərbiyəsiz irqçi çıxışları Azərbaycanın qarşısını ala bilməz. Qoy o öz erməni auditoriyasını hələ bir az da öz zurnasında çaldığı köhnə havalarla əyləndirsin.”

Həmçinin Səttar Möhbalıyev qeyd edib ki, bu gün Azərbaycanı daxili iğtişaşlar və dövlət çevrilişi ilə təhdid etmək yalnız Jirinovski kimi xəstə təxəyyül sahibinin ağlına gələ bilər: “Bu insan hələ də tarixin bir səhvi olaraq, süni şəkildə yaradılmış marionet Ermənistanla, qədim tarixə, şanlı dövlətçilik ənənələrinə malik olan, müstəqil və güclü Azərbaycan arasındakı fərqi anlaya bilmir. Bu hələ də başa düşmür ki, Azərbaycanla, Azərbaycan Prezidenti ilə təhdid dilində danışmaq olmaz. Bu gün ölkəmizdə mövcud olan milli birlik və həmrəylik mühiti bəlkə də bu günə qədər dünyanın heç bir ölkəsində bu səviyyədə yaşanmamışdır. Bu isə bizi çevrilişlə hədələyir. Əlbəttə ki, iqtidar-xalq birliyinin nə olduğunu bilməyən, bütün fəaliyyətini yalnız erməni lobbisinin sifarişləri əsasında quran, heç bir prinsipə sahib olmayan bir siyasi avantüristdən bundan artıq nə gözləmək olar ki? Amma, biz bütün qoşularımıza hörmətlə yanaşırıq. Eyni zamanda da bu hörməti özümüzə qarşı tələb edirik və bizim buna haqqımız var.

Azərbaycan-Rusiya münasibətlərinə gəlincə isə, bu gün hər iki ölkənin dövlət başçıları tərəfindən həyata keçirilən praqmatik siyasətin nəticəsi olaraq Azərbaycan və Rusiya arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətləri arzuolunan məcrada inkişaf edir. Şübhəsiz, bu münasibətlərin daha da genişlənməsi xalqlarımızın maraqlarına tam uyğundur.”