Səttar Möhbalıyev: “Bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi imkanı var”

1248

“Azərbaycan bütün dünyanı bürümüş COVID-19 infeksiyasına qarşı mübarizəyə qalxan ilk ölkələrdən biri oldu. İnfeksiyanın və onun yaratdığı fəsadların qarşısının alınması üçün qısa müddət ərzində ölkədə kompleks tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Görülən qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz pandemiyadan ən az itki ilə çıxan ölkələr sırasındadır. Həmçinin Azərbaycan pandemiyaya qarşı qlobal mübarizədə ən məsuliyyətli davranan ölkələrdəndir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, Ümumdünya Səhiyyə Təşkilatı, xarici dövlətlər Azərbaycanı koronavirusla mübarizədə nümunəvi  ölkə kimi göstərirlər. Hazırda ölkəmizdə bu məqsədlər üçün yaradılmış laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün ayrılan xəstəxanalar da elə bir o qədər təşkil edir. Həmçinin koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti digər ölkələrdən fərqli olaraq tibbi müəssisələrdə müalicə alır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan COVID-19-a qarşı pevəndi ilk alan ölkələrdən biri oldu. Dünyanın ən qabaqcıl ölkələri ilə eyni vaxta vaksinasiya prosesinə başlanıldı. Prezident cənab İlham Əliyevin göstərişi ilə bütün vaksinasiya prosesi pulsuz həyata keçirilir. Ümumiyyətlə, infeksiyaya qarşı ən effektli mübarizə vasitəsi peyvənd hesab olunur. Hal-hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir. Dövlət başçımızın böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və tam təhlükəsizdir, heç bir yan təsiri yoxdur. Son statistikaya görə, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 4 283 501 nəfər təşkil edir. Bu da olduqca böyük rəqəmdir. Görünür hər bir vətəndaşımız özünün və ətrafdakıların sağlamlığını qorumaq üçün bu prosesə məsuliyyətlə yanaşır”.

“Ölkəmizdə koronavirusdan qorunmaq üçün dövlət tərəfindən, demək olar ki, bütün imkanlar yaradılıb. Dövlət başçısı cənab İlham Əliyev də ilk olaraq bəyan etmişdir ki, bizim üçün vacib olan insanlarımızın sağlamlığıdır. Görülən bütün tədbirlər də məhz buna hesablanıb. Qeyd edim ki, ölkəmizdə vaksinasiya olunan vətəndaşlara COVID-19 pasportları da təqdim olunur. Pasportun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə, “COVID-19 immunitet sertifikatı” isə COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslərə verilir. Hazırda beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd  və immunitet sertifikatlarının ölkələr arasında qarşılıqlı tanınması mexanizmi üzərində iş aparırlar”, – deputat vurğulayıb.

Millət vəkili bəyan edib ki, biz peyvənd olunmaqla özümüzlə yanaşı, yaxınlarımızı, ətrafdakılarımızı, ilk növbədə, hamilə qadınları, süd verən anaları, yaşı 18-dən aşağı olan şəxsləri, həmçinin bütün cəmiyyət qorunmuş oluruq: “Bütün bunları nəzərə alaraq hər birimiz bu məsələdə diqqətli olmalıyıq. Hazırda Azərbaycanda Çinin  SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunur. Bunların hər biri keyfiyyətinə görə təsdiqlənmiş dünyanın ən öncül vaksinlərindən hesab olunur”.

“Unutmayaq ki, pandemiya səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsilini rahat şəkildə davam etdirmək imkanı məhdudlaşıb. Başqa sahələrlə müqayisədə pandemiyanın təhsilə vurduğu zərbə daha acınacaqlıdır. Çünki gələcəyimizi elmsiz təsəvvür etmək mümkün deyil. Bu səbəbdən peyvənd olunmaq təhsildəki geriləməni aradan qaldırmaq və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün olduqca əhəmiyyətlidir”, – AHİK sədri əlavə edib.