Yeni kollektiv müqavilə bağlanılıb

1229

İyunun 10-da ”Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin akt zalında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) 2021-2023-cü illər üçün kollektiv müqavilənin qəbul olunmasına həsr olunmuş konfransı keçirilib.

Tədbir pandemiya ilə əlaqədar olaraq, müəyyən edilmiş xüsusi qaydalara əməl olunmaqla təşkil olunub.

Konfransı giriş sözü ilə açan MİHİ sədri Arif Mərdanov müqavilə müddəti bitdiyi üçün yeni müqavilənin hazırlanması, müzakirəsi üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verib. Prosedur qaydalarına əməl olunduqdan sonra yeni müqaviləninin təqdimatı və müzakirəsinə başlanılıb. Yeni müqavilənin tam mətni ilə konfrans iştirakçılarını MİHİ-nin əməyin hüquq müfəttişi Abdulla Acalov tanış edib.

“Bakı Metropoliteni” QSC işçilərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların hüquq və mənafelərinin müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsi və “Həmkarlar İttifaqları haqqında” Qanuna uyğun olaraq, QSC rəhbərliyi ilə ikitərəfli məsləhətləşmələr zamanı əldə edilmiş razılığa əsasən, “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı arasında 2021-2023-cü illər üçün Kollektiv müqavilənin bağlanması barədə birgə qərar qəbul edilib. Bununla da tərəflərin 2019-2021-ci illər üçün bağladığı Kollektiv müqavilə qüvvədən düşmüş hesab olunub.

Sonra konfrans səsvermə yolu ilə yeni Kollektiv müqaviləni qəbul edib.