Səttar Möhbalıyev: “Peyvənd olunmaq koronavirusu həyatımızdan çıxarmağın yeganə yoludur”

1276

“Birmənalı olaraq deməliyik ki, Azərbaycan dövləti pandemiya ilə mübarizənin ilk günlərindən əhalinin həm sağlamlığını, həm də yüksək rifahını qorumaq üçün bütün lazım olan tədbirləri vaxtında və ən effektiv şəkildə həyata keçirib. Əgər bu gün Azərbaycan dünyada pandemiyanın qurbanlarının sayına görə sonuncu yerlərdə gələn ölkələrdən biridirsə, bu da məhz dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin nəticəsidir. Lakin indi artıq koronavirusdan sadəcə qorunmağın deyil, onu həyatımızdan tamamilə çıxarmağın vaxtıdır. Buna isə yalnız və yalnız vaksinasiya ilə nail olmaq olar.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili bildirib ki, əslində təkcə Azərbaycanda deyil, bütün dünyada pandemiya ilə mübarizə tədbirlərinin əsas məqsədi məhz vaksin tapılan vaxta qədər insan tələfatını minimuma endirmək idi. Koronavirusun tamamilə aradan qaldırılması isə yalnız kütləvi peyvənd olunma yolu ilə baş tuta bilər: “COVİD-19 pandemiyası bütün dünya üçün çox böyük sınaq idi. Daha doğrusu bu sınaq hələ də davam edir. Azərbaycan çox az ölkələrdəndəndir ki, bu sınaqdan da minimal itkilərlə çıxmaqdadır. Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı. Həyata keçirilən bütün bu tədbirlər tezliklə öz müsbət təsirini göstərdi. Möhtərəm dövlət başçımız 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Lakin az öncə də dediyim kimi, bütün bu tədbirlər yalnız xəstəliyə qarşı effektiv vaksin tapılana qədər ölkə daxilində insanlarımızın həyat və sağlamlıqlarını maksimum qorumaq, insan tələfatını və iqtisadi ziyanı minimuma endirmək məqsədilə həyata keçirilirdi. Və bu məqsədlər yüksək səviyyədə nail olundu. Amma əgər söhbət pandemiyanın ümumiyyətlə həyatımızdan çıxmağından gedirsə, bu zaman görülən bütün profilaktik qabaqlayıcı tədbirlər belə qətiyyən kifayət etmir. O cümlədən sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi fərdi şəkildə həyata keçirilən tədbirlər də insanların koronavirusa yoluxmayacaqlarına zəmanət vermir. Yalnız peyvənd immun sistemimizi virusla effektiv mübarizə aparmağa hazır edir. Məhz bu səbəbdən də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi vaxtında daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Məhz bu addımın nəticəsidir ki, bu gün dünyada peyvənd preparatlarının defisiti yaşandığı halda belə ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var ki, onların da hər biri effektiv və təhlükəsizdir.”

Həmçinin Səttar Möhbalıyev müxtəlif yoluxucu xəstəliklərlə mübarizədə kütləvi vaksinasiyanın yeni bir üsul olmadığını da qeyd edərək, cəmiyyətimizin, eləcə də bütün bəşəriyyətin normal həyat tərzinə qayıda bilməsi üçün bunun yeganə yol olduğunu deyib: “Əslində bu gün COVİD-19-a qarşı kütləvi vaksinasiyanın bir mövzu kimi müzakirə olunması zənnimcə heç bir məntiqi əsasa dayanmır. Məsələ bundadır ki, peyvənd heç də yeni bir müalicə üsulu deyil. İnsanlıq əsrlər boyu taun, vəba, yatalaq və digər bu kimi qorxulu xəstəliklərin epidemiyasına mütəmadi olaraq məruz qalıb. Bu da məlumdur ki, yoluxucu xəstəliklərin hər belə həmləsi minlərlə, on minlərlə insanın həyatına son qoyub. Yalnız son yüz ildə ayrı-ayrı ölkələrdə insanların kütləvi peyvənd olunmaları üsulu tətbiq edilməyə başladıqdan sonra bəşəriyyət bir çox qorxunc yoluxucu xəstəliklərdən tam qurtulub. Bir misal çəkək. ÜST-in məlumatına görə hələ ötən əsrin 60-cı illərində qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb. Təbii ki, belə faktlardan olduqca çox sayda göstərmək olar. Bu gün də bəşəriyyət növbəti belə bir ağır sınaqla üz-üzədir. Və əgər dünya alimləri COVİD-19-a qarşı vaksin preparatlarını nəhayət ki, yarada biliblərsə o zaman bu, bəşəriyyətin bir xilas olma şansıdır. Vaksinasiya yenidən sağlam və normal həyata dönüş deməkdir. Vaksinasiya iqtisadiyyatın, təhsilin, mədəniyyətin, turizmin, idmanın, beynəlxalq əlaqələrin və ümumiyyətlə bütün sahələrin yenidən dirçəlişi deməkdir. Ən əsası isə, vaksinasiya uşaqlarımızın sağlam gələcəyinin yeganə təminatıdır. Buna görə də mən bir daha hər kəsi bu məsələdə son dərəcə məsuliyyətli və aktiv olmağa, bütün çətin dönəmlərdə olduğu kimi, birlik və həmrəylik nümayiş etdirməyə çağırıram.”