Səttar Möhbalıyev: “Pandemiyaya qarşı mübarizə tədbirləri Azərbaycanı nümunəvi ölkəyə çevirdi”

726

“Beynəlxalq səviyyədə müzakirə olunan elə bir məsələ yoxdur ki, ölkəmizin mövqeyi öyrənilməmiş olsun. Bu, bir yandan Azərbaycanın dünyada yerini və rolunu göstərməklə yanaşı, həmçinin Prezident İlham Əliyevin şəxsi nüfuzunun əlamətidir.

Sahəsindən və mövzusundan asılı olmayaraq keçirilən istənilən beynəlxalq səviyyəli tədbirdə dövlət başçımızın rəyi nəzərə alınır və fikirlərinə hörmətlə yanaşılır. Möhtərəm Prezidentimizin Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında çıxış etməsi onun tövsiyələrinin dünya üçün əhəmiyyətindən xəbər verir”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Təbii ki, koronavirus insanlar arasında ayaq açdığı gündən bütün dövlətlər qabaqlayıcı tədbirlər görməyə başladı. Ölkəmiz də bu bəlanın qarşısını almaq üçün mübarizəyə atılan ilk dövlətlərdən biri oldu. Digər dövlətlərlə yanaşı, bu sahədə Azərbaycanın atacağı addımlar beynəlxalq qurumlar tərəfindən maraqla izlənilirdi. Qısa müddət ərzində dövlətimizin tətbiq etdiyi qabaqlayıcı tədbirlər dünya ölkələrinə nümunə olmağa başladı və beynəlxalq subyektlər tərəfindən təqdir edildi”, – Konfederasiya sədri bildirib.
“Dövlətimizin ən vacib məqsədlərindən birinin insanların sağlamlığı olduğunu deyən cənab Prezident xəstəliyin geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxma sürətini azaltmaq, vətəndaşların sağlamlığını qorumaq məqsədilə planlı və sistemli şəkildə tədbirlər görülməsi üçün göstəriş verdi və bu sahədə mühüm qərarlar qəbul edildi. Ölkəyə giriş-çıxış məhdudlaşdırıldı, bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı, kütləvi tədbirlər, idman yarışlarını təxirə salındı. Həmçinin məhdudiyyətləri nəzərdə tutan karantin rejimi tətbiq olundu, xüsusi davranış qaydaları müəyyən edildi. Bundan başqa, ölkədə maska və dərman qıtlığı aradan qaldırıldı, laboratoriyaların sayı artırıldı, testlərin təchizatı təşkil olundu, modul tipli xəstəxanalar yaradıldı, xarici ölkələrdən tibbi personal dəvət edildi, səhiyyə xərcləri artırıldı. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün bu tədbirlər dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi və bir örnəyə çevrildi”, – S.Möhbalıyev xatırladıb.
Onun sözlərinə görə, pandemiyanın ölkənin iqtisadi həyatına mənfi təsirinin azaldılması cənab Prezidentin diqqət mərkəzində idi: “Bu məqsədlə Tədbirlər Planı hazırlandı və planın icrası məqsədilə büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatı yaradıldı. Pandemiya zamanı dövlətin “Məşğulluq və sosial rifah”a dəstək tədbirləri ölkə əhalisinin 4 milyon 800 min nəfərini əhatə edib. 600 min işsiz, o cümlədən xüsusi karantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin verilməsi təmin edilib. Bütövlükdə pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsi və digər mənbələr hesabına iqtisadiyyata toplam olaraq təxminən 2,5 milyard manat həcmində dəstək göstərilib. Nəzərdə keçirəndə görürük ki, Azərbaycan pandemiya şəratində görülə bilən bütün mümkün tədbirləri tətbiq edib”.
“Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan pandemiya ilə beynəlxalq mübarizəyə dəstək üçün 30-dan artıq ölkəyə yardım göstərib. Həmçinin ÜST-yə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edilib. Bütün bunlar dünya dövlətləri arasında ölkəmizin humanist xarakterini ortaya qoyur”, – AHİK sədri əlavə edib.
“İnfeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaq, xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ən əsası, ölüm halının qarşısını almaq üçün ölkəmiz koronavirusa qarşı peyvəndləri alan ilk dövlətlərdən biri oldu və bu il yanvarın 18-dən ölkə əhalisinin vaksinasiyasına start verildi. Bununla da Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlayan ilk ölkə oldu və artıq 2 milyon doza peyvənd istifadə olunub. Bu da əhalinin 20 faizi deməkdir. Görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında vətəndaşlarımızın sağlamlığının qorunması üçün dövlətimiz bütün mümkün variantları uğurla tətbiq edərək dünya dövlətləri arasında nümunəvi ölkəyə çevrilib”, – AHİK sədri fikrini tamamlayıb.