Metropoliten İşçiləri Həmkarlar İttifaqı mükafatlandırıldı

1363

Qan donorluğu hərəkatında metropolitençilərin fəal iştirakı növbəti dəfə yüksək qiymətləndirilərək mükafata layiq görülüb. Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Həyat xilas etmək qanımızdadır” devizi altında keçirilən tədbirdə mükafat Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanova təqdim olunub.

Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasının 2005-ci ilin mayında könüllü qan donorluğunu dəstəkləyən bəyanatı ilə hər il iyunun 14-ü Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə ağır xəstəni, bədbəxt hadisələr zamanı həyat üçün təhlükəli xəsarət alanları, dünyaya yeni gələn körpələri ölümdən xilas etməyə kömək edir.

Azərbaycanda bu məsələ könüllülük prinsipi ilə son illərdə xüsusi vüsət alıb. Bu mənada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə insanpərvərliyin, mərhəmətin ən yüksək təcəllası olan donorluq bu gün cəmiyyətimizdə ən yüksək ehtiramla qarşılanan kütləvi həmrəylik nümunəsinə çevrilib.

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna müvafiq olaraq, xəstə uşaqlara yardım göstərilməsi kimi insanpərvərlik  nümunəsi bu xüsusda daha çox diqqət çəkir. Şanlı Zəfər təntənəsi ilə yekunlaşan 44 günlük Vətən savaşı dövründə də xalqımız bu birliyini bir daha əyani nümayiş etdirdi.

Bu xeyirxah missiyada “Bakı Metropoliteni”  QSC-nin əmək kollektivi də yaxından iştirak edir.  Dövlət müəssisələri və ictimai təşkilatlar  arasında Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə 2015-ci ildən başlayaraq talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə kampaniyasının müntəzəm keçirilməsi, eləcə də dövrün, cəmiyyətin çağırışı ilə müxtəlif kampaniyalarda fəallıq daim aidiyyəti qurumlar tərəfindən yüksək qiymətləndirilib.

Təqdim olunan mükafat metropolitençilərin ictimai fəallığına verilən daha bir qiymətin bariz nümunəsidir.