“Şuşa qədim Azərbaycan şəhəridir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha bütün dünyaya göstərdi.
İşğaldan azad edilməsindən az bir müddət sonra Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi isə dövlətimizin işğaldan azad olunmuş ərazilərdə həm maddi, həm də mənəvi dəyərlərin bərpasına xüsusi diqqət və qayğı göstərməsinin ən bariz göstəricisidir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Millət vəkili öz açıqlamasında vurğulayıb ki, Azərbaycan bu gün demokratiyadan bəhs edən, lakin əməli işə gəlincə ikili standartlar prinsipindən əl çəkə bilməyən bir çox aparıcı dünya dövlətlərinə tolerantlıq və multikulturalizmi necə yaşatmaq lazım olduğu qismində əsl örnək ola bilər: “Şuşada Yuxarı Gövhərağa məscidinin təmir edilib və orada bayram namazının qılınması, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və eyni zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vandalizminin qurbanı olmuş bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına başlanması Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin daha bir göstəricisidir. 30 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Yaxşı olardı ki, beynəlxalq təşkilatların mötəbər kürsülərindən tez-tez demokratiyadan, insan haqlarından bəhs edən, əməli işə gəlincə isə ikili standartlar prinsipindən əl çəkə bilməyən bəzi dövlətlər də bu xüsusda Azərbaycandan örnək alsınlar. Festivalın açılışında etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev də bu mesajın əhəmiyyətini xüsusi olaraq vurğuladı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.” Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xaribülbül” festivalı Azərbaycanda uzun illərdən bəri mövcud olan multikulturalizm ənənələrinin əsl canlı rəmzinə çevrildi.”
Həmçinin Səttar Möhbalıyev “Xarıbülbül” festivalının keçirilməsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xalqın milli-mənəvi ruhunun daha da dirçəldilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Millət vəkili deyib ki, bu möhtəşəm musiqi bayramı milli-mədəni ənənələrimizin bərpası istiqamətində atılmış ən önəmli və uğurlu addımlardan biridir: “Əlbəttə ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyildir. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, bununla biz bütün dünyaya göstərmiş olduq ki, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əgər bu belə olmasaydı biz heç vaxt işğal altında olan torpaqlarımızı azad edə və həmin torpaqlara, öz əzəli və əbədi dədə-baba yurdumuza qayıda biməzdik. Halbuki, son otuz il ərzində hər bir azərbaycanlı məhz bu amalla – torpaqları azad etmək, ədaləti bərpa etmək arzusu ilə yaşayıb. Nəhayət ki, keçən il Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bu arzusunu və eyni zamanda da tarix və gələcək nəsillər qarşısında müqəddəs borcunu yerinə yetirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq Zəfər çaldı, düşməni məhv edərək öz torpaqlarını işğaldan azad etdi. May ayının 12-13-də Şuşada, Cıdır düzündə keçirilmiş möhtəşəm “Xarıbülbül” festivalı da bir daha onu göstərdi ki, biz Şuşaya həmişəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Artıq neçə müddətdir ki, Şuşada bərpa işləri başlayıb. O cümlədən müqəddəs məkanlarımızdan biri, Yuxarı Gövhərağa məscidi artıq təmir olunub. Ramazan bayramı ərəfəsində isə Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından Şuşaya yenidən su gəldi. Bütün bunlar əlbəttə ki, böyük rəmzi məna daşıyır və bu yerlərin əsl sahiblərinin kimliyi barədə bütün dünyaya növbəti dəfə açıq-aydın mesaj vermiş olur. Şuşa bizimdir, Qarabağ Azərbaycandır!”